YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransanın növbəti təxribatı...

Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın bölgədə sülh və sabitliyə xidmət etməyən, birtərəfli ermənipərəst mövqe sərgiləyən bu kimi açıqlamaları qəbuledilməzdir.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Katrin Kolonanın səfirlər konfransında çıxışı zamanı səsləndirdiyi fikirlərə dair yerli medianın sualına cavab olaraq deyib.

“Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğalına, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, soyqırımı və kütləvi qırğınların həyata keçirilməsinə, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə və hüquqlarının tapdalanmasına, Azərbaycanın şəhər və kəndlərinin viran qoyulması və talan edilməsinə, Azərbaycana məxsus mədəniyyətin və tarixi abidələrin dağıdılmasına, 2020-ci il müharibəsindən sonra isə Ermənistanın həyata keçirdiyi hərbi-siyasi təxribatlara son qoymaması, Azərbaycan ərazilərindən silahlı qüvvələrinin hələ də tam çıxarılmaması kimi faktlara göz yumulması qanunsuz və qeyri-əxlaqi yanaşmanın nümunələridir”, - deyə Azərbaycan XİN rəsmisi diqqətə çatdırıb.

O qeyd edib ki, Azərbaycan Respublikası milli qanunvericiliyi çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizin siyasi, sosial və iqtisadi sferalarına reinteqrasiyası istiqamətində səy göstərir və bu səylərə qarşı maneçilik törədilməsi, guya erməni sakinlərin bölgədən qovulması istiqamətində siyasət həyata keçirildiyi barədə iddialar səsləndirilməsi tamamilə yanlışdır.

“Bir daha, Fransa tərəfini bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymağa çağırırıq”, - deyə Ayxan Hacızadə vurğulayıb.

Qeyd edək ki, Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona səfirlər konfransında çıxışı zamanı “Dağlıq Qarabağın əhalisinə orada yaşamaq imkanı verilməsi, habelə onların hüquqlarına, mədəniyyətlərinə və tarixlərinə hörmət edilməsi istiqamətində səylərin səfərbər olunduğunu” və “Dağlıq-Qarabağdan ermənilərin kütləvi axınının təhrik olunması məqsədilə həyata keçirilən sıxışdırılma strategiyasının qanunsuz və qeyri-əxlaqi olduğunu” bildirib.