YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avropa Oyunlarının bayrağını təhvil verib

Birinci Avropa Oyunlarının sonuncu günündə - iyunun 28-də Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki Avropa Oyunlarının bayrağını Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovdan təhvil alıb.

“Bakı-2015”-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Patrik Hikki deyib: “Bakı 30 aydan bir az çox müddətdə Avropa Oyunlarının himayədarı olub. Bu gün Avropa Olimpiya Komitəsi Oyunları daha güclü və bizim bu mərhələdə təsəvvür edə biləcəyimizdən daha böyük potensialla təhvil alır. “Bakı-2015”-in verdiyi ən böyük töhfələrdən biri bundan sonra keçiriləcək bütün Avropa Oyunlarının gələcəyinin təməlini qoyması oldu. Bu möhtəşəm uğurun ilkin mərhələsindən sonra yarışların gələcəyi təmin olunub”.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə deyib: “Cənab prezident, mən sizə Avropa Oyunlarının bayrağını təqdim edirəm. Xüsusi təqdimat qutusunun içərisində növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin xatirə nişanı, habelə Avropa Oyunlarının növbəti 100 ili üçün kifayət qədər rəmzi səciyyə daşıyan nişanlar var”.

Mərasimdə AOK-un İcraiyyə Komitəsinin, AOK “Bakı-2015” Əlaqələndirmə Komissiyasının üzvləri və ilk Avropa Oyunları Əməliyyat Komitəsinin direktorları, o cümlədən Oyunların yüksək səviyyədə təşkilində böyük rol oynayan 12500 nəfərlik alovqoruyan könüllü qüvvəsinin təmsilçiləri iştirak ediblər.