YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birliyimiz səmimi, dostluğumuz əbədi olacaq

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Türk dünyasının birliyi dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Tarixi Zəfərimizdən sonra bu birliyin, həmrəyliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır.  Türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri, Türk Dövlətləri Təşkilatının keçirilən Zirvə görüşlərində gündəmə gətirilən məsələlərlə bağlı ümumi mövqenin ortaya qoyulması, əlaqələrin inkişafında möhkəm hüquqi baza rolunu oynayan sənədlərin imzalanması və sair kimi biri-birindən mühüm addımlar birliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də ölkəmizdə səfərdə oldu. Prezidentlərin təkbətək, həmçinin geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları dərin köklərə malik olan Azərbaycan-Özbəkistan əməkdaşlığının dünəninə, bu gününə və gələcəyinə işıq saldı. Səfər çərçivəsində mühüm sahələri özündə ehtiva edən 20 sənəd imzalandı. Onu da qeyd edək ki, Şavkat Mirziyoyev Prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etməklə münasibətlərimizin qardaşlıq, dostluq səviyyəsində yüksələn xətlə inkişaf etdiyini təsdiqlədi. Mətbuata bəyanatında Özbəkistan Prezidentinin bu səfərini qardaşlığımızın, dostluğumuzin, ölkəmizə, xalqımıza münasibətin göstəricisi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bildirdi ki, qardaş ölkə Şavkat Mirziyoyevin  rəhbərliyi ilə  quruculuq yolu ilə uğurla irəliləyir. Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəfələrlə şəxsən görmək imkanına malik olub.   Ötən il dövlət səfəri və beynəlxalq tədbirlər çərçivəsində üç dəfə Özbəkistanda - Daşkənddə, Səmərqənddə və Xivədə olduğunu xatırladan cənab İlham Əliyev Şavkat Mirziyoyevin seçkilərdən sonra ilk dövlət səfərini Azərbaycana etməsini bizim üçün böyük şərəf kimi qiymətləndirdi.

Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verir.

Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci ildə  qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb. Özbəkistanın sabiq Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq demişdir ki, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Füzuliyə səfəri çərçivəsində özünün təşəbbüsü ilə tikilən və Mirzə Uluqbəyin adını daşıyan məktəbin açılışında iştirak etməsi əlaqələrimizin gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. “Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk” söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, bu məktəb, əslində, bir təhsil sarayıdır: “Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.” Özbəkistan Prezidenti Füzuli sakinləri ilə görüşündə Qarabağda olmağı çox arzuladığını və hazırda arzusunun reallığa çevrilməsindən məmnunluq hissi keçirdiyini bildirərək onu da əlavə etdi ki, bu məktəb səmimi dostluğumuzun gələcəyinə bir abidə olacaq desəm, doğru olardı. Birliyimiz səmimi, dostluğumuz əbədi olacaq.