YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhtəşəm işləri görməkdən xoşbəxtik

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr yeni istiqamətlər üzrə inkişaf etməkdədir. Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Son 20 ilə yaxın dövrdə Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Dövlətimizin başçısının 2004-cü ildə Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanmışdır. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci ildə BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olmuşdu.  Həmçinin 2021-ci il mart ayında  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etdi. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəbin inşa ediləcəyini bildirdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu günlərdə ölkəmizə rəsmi səfəri çərçivəsində Füzuli rayona getdi və həmin məktəbin açılış mərasimində iştirak etdi. Atılan bu mühüm addım iki qardaş ölkənin münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır. Özbəkistan Prezidenti Füzuli sakinləri ilə görüşündə bu məqamı xüsusi qeyd etdi ki,  qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi. Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq.

Özbəkistan Prezidenti Qarabağda əsrlər boyu davam edən birliyimizdən də danışdı. Qeyd etdi ki, babamız Əmir Teymurdan başlayan münasibətlərimiz indi də çox yaxşıdır. Qardaşımın Qələbəsindən sonra iki xalqın böyüklüyü, gələcəkdə də bir-biri ilə dostluğunu davam etdirməsi üçün bir məktəb tikdirmək arzusunda idim. Bu gün arzum gerçəkləşdi. Görülən işlər gözəl nümunədir və biz bu xəbərləri eşitməkdən, bu möhtəşəm işləri görməkdən ancaq xoşbəxtik. Bu məktəb səmimi dostluğumuzun gələcəyinə bir abidə olacaq desəm, doğru olardı.

Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsi xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir. Səfər çərçivəsində səmərəli görüşlər keçirildi və görüşlər zamanı qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi. Bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.  Səfər çərçivəsində imzalanan mühüm sənədlərdən biri də Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu sənədin imzalanması ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir. Bir sözlə, Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək inkişafı üçün möhkəm baza mövcuddur.