YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan rəhbərliyi Avropa ictimaiyyətində Azərbaycana qarşı mənfi fikir formalaşdırmağa çalışır

Ermənistan rəhbərliyi Avropa ictimaiyyətində Azərbaycana qarşı mənfi fikir formalaşdırmağa çalışır. Paşinyanın təxribat xarakterli bəyanatları sülh sazişinin imzalanmasına böyük maneçilik törədir. Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində erməni yalanlarını bir daha ifşa etdi. Dövlətimizin başçısı Azərbaycan dövlətinin bölgədə sülhün təmin edilməsində həyata keçirdiyi siyasət, sülh prosesinə töhfə verə biləcək istənilən platformada danışıqlara müsbət yanaşdığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Bunu Milli Məclisin deputatı professor Kamilə Əliyeva deyib.

O bildirib ki, Vətən müharibəsindən sonra regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün Prezident İlham Əliyevin irəli sürdüyü 5 əsas baza prinsipi beynəlxalq hüquqa əsaslanır. Bu prinsiplər ölkələrin bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərin tanınmasını özündə ifadə edir. Otuz ilə yaxın Ermənistanın işğalından əziyyət çəkən və ərazi bütövlüyünü hərbi yolla bərpa edən Azərbaycan yenə də sülh tərəfdarı olduğunu sübut etməkdədir. Sülh gündəliyinə sadiq olan ölkəmiz münasibətlərin normallaşması istiqamətində bütün cəhdlərə açıqdır. Sülh sazişinin imzalanması istiqamətində vasitəçilik edən ölkələrin dəstəyini yüksək qiymətləndirən Azərbaycan normallaşmaya töhfə verə biləcək istənilən platformada görüşlərin aparılmasına və sülh müqaviləsinin imzalanmasına tərəfdar olduğunu dəfələrlə bəyan edib.

“Dövlətimizin başçısı müsahibəsində müharibə və müharibədən sonrakı dövrlərdə Laçın yolu ilə bağlı yaranmış vəziyyət barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırıb. Bildirib ki, Ermənistan əvvəllər Laçın dəhlizi vasitəsilə Azərbaycanın təbii sərvətlərini daşıyıb. Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri və ekoloji fəallar bu qeyri-qanuni fəaliyyətə etiraz əlaməti olaraq yola müəyyən qədər nəzarət etməyə başladı. Sonrakı dövrdə Azərbaycanın “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsini təsis etməsi beynəlxalq hüquqa əsaslanır. Hər bir suveren, müstəqil dövlətin digər ölkə ilə sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratmaq hüququ vardır. Ermənistan rəhbərliyinin Qarabağda yaşayan ermənilərin guya blokadada qalması barədə yaydığı informasiyaların heç bir əsası yoxdur və onların qaldırdığı iddia Ədalət Məhkəməsi tərəfindən də qəbul edilməyib. Nəzarət-buraxılış məntəqəsi təsis edildikdən sonra 2000-dən çox sakin Qarabağdan Ermənistana və əks istiqamətdə hərəkət edib.

Prezident İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağda qanunsuz əməllərindən də danışdı və öz iradlarını bildirdi. Qurumun nümayəndəliyinin Bakı ofisinə deyil, İrəvandakı ofisə tabe olmasının qeyri-qanuniliyini qeyd edən dövlətimizin başçısı Qarabağda yaşayan ermənilərin hüquqlarının Azərbaycanda yaşayan digər milli azlıqların hüquqları ilə eyni qaydada qorunacağını vurğuladı”, - deyə K.Əliyeva qeyd edib.

Deputat bildirib ki, Qarabağda yaşayan sadə ermənilərin Azərbaycanda yaşamaq arzusunda olması ancaq onların xeyrindədir. Bu, sonunda baş verəcək, çünki Qarabağ ermənilərinin başqa yolu yoxdur. Ya çıxıb getməli, ya da inteqrasiya olunmalıdırlar.

“Dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, XX əsrin sonlarında yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan deportasiya edilib. Tarix boyu bu ərazilərdə yaşayan azərbaycanlılar etnik təmizlənməyə məruz qalıb və ermənilər azərbaycanlılara məxsus mədəni və irsi abidələri tamamilə dağıdıblar. Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər qurulduqdan sonra bu insanların da öz evlərinə dönmək hüququ vardır. Ermənistan hökuməti sağlam düşüncə ilə hərəkət etməklə, beynəlxalq hüquq çərçivəsində Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmasını təmin etməlidir”, - deyə Kamilə Əliyeva fikirlərini yekunlaşdırıb.