YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Reallıq inkaredilməzdir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

44 günlük İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdıqdan sonra Azərbaycan dərhal regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq, Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün qarşı tərəfə sülh müqaviləsini təklif etdi. Dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bu mühüm addımı şərtləndirən məqamları bir daha diqqətə çatdırdı. “Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq” söyləyən ölkə Prezidenti bildirdi ki, sülh sazişinin  imzalanmasını elan etdik.  Amma yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi masa üzərinə qoyduq.

Cənab İlham Əliyev, eyni zamanda, Avropa İttifaqının vasitəçiliyi ilə bağlı məsələyə də münasibət bildirdi. Qeyd etdi ki, əslində, 1992-ci ildən etibarən, hələ işğal dövründə aparılan danışıqlar zamanı Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmayıb. İndi bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O, dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi.  Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki  onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir. Çünki təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüş keçirildi.  Sonuncu dəfə görüş Kişineuda baş tutdu. Dövlət başçısı atılan bu addımı vacib hesab edərək onu da bildirdi ki, çünki vəziyyətin durğun olmasına imkan vermirik. Durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik.

Ölkə Prezidentinin müsahibədə səsləndirdiyi fikirlərdən də göründüyü kimi, Azərbaycan  sülh sazişi ilə nəticələnəcək təşəbbüs irəli sürən hər hansı tərəfi dəstəkləyəcək. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar aparılıb. Hazırda bu ayın sonunda danışıqların raundunu Rusiyada keçirmək barədə  Rusiyadan dəvət alınıb. Tərəflər bununla razılaşıb. “Beləliklə, əgər hər hansı digər məkan olarsa, əlbəttə ki, biz razılaşacağıq, çünki bizim üçün razılığa gəlmək və nəticə əldə etmək vacibdir” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, əlbəttə, müəyyən siyasi rəqabəti, bəzi iştirakçıların daha fəal olmaq cəhdlərini anlayırıq. Lakin biz bunu yalnız alqışlaya bilərik. Əgər sağlam rəqabət olarsa, onun yalnız yaxşı nəticələri olacaq.

Göründüyü kimi, Azərbaycan sülh tərəfdarı olduğu üçün istər 30 illik işğal dövründə, istərsə də postmünaqişə mərhələsində qarşıya qoyulan hədəfə nail olmaq üçün səylərin birləşdirilməsini vacib amil kimi dəyərləndirir. Bu reallıq inkaredilməzdir ki,  İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Ermənistana yaxınlığı ilə seçilən ölkələr  ermənipərəst mövqeyini gizlədə bilmədilər. Bu, Azərbaycanın  o ölkələrlə münasibətlərinin müəyyən dərəcədə gərginləşməsinə gətirib çıxarmışdır. Dövlət başçısı İlham Əliyevin müsahibələrində, o cümlədən 49 ölkədən 150 xarici media nümayəndəsini bir araya gətirən Şuşa Qlobal Media Forumunda çıxışı zamanı qeyd etdiyi kimi,  ancaq bu, o demək deyil ki, bu, əbədi belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq və əsas odur ki, sənin gündəliyin olsun.

Azərbaycan  postmüharibə dövründə hər şeyi ardıcıllıqla edir. Bir addım əvvəlki addımın məntiqi davamıdır. Ölkəmiz  hədəfə doğru gedir və  bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var ki, hələ onlara çatmamışıq, amma onlara da çatacağıq. Təbii ki, bu əminliyə  əsas verən Azərbaycan dövlətinin qətiyyəti, ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətidir.

DİGƏR Xəbərlər Arxiv