YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistana ciddi mesaj

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Ölkə Prezidenti İlham Əliyevin tarixi Zəfərimizdən sonra yerli və xarici mətbuata müsahibələrinə, beynəlxalq tədbirlərdə çıxışlarına diqqət yetirsək görərik ki, şanlı Qələbəmizin Azərbaycanın, regionun bu günü və gələcəyi üçün yaratdığı imkanlar əsas müzakirə mövzusu olaraq geniş təhlil edilir, hədəflərimiz açıqlanır. “Euronews” televiziyasına müsahibəsində dövlət başçısı İlham Əliyev diqqəti hazırkı dövrün əsas çağırışlarından olan Ermənistanla münasibətlərdə yeni səhifənin açılması, qara səhifənin bağlanması istəyimizə yönəldərək bildirdi ki, keçirilən  görüşlər  çox həssas məsələlərə toxunmaq imkanını verir. Məsələn, sərhədlərin gələcək parametrləri ilə bağlı, çünki Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmamışdır. Sovet İttifaqının süqutu ərəfəsində təcavüzlə üzləşdik.  Dövlət başçısı özlüyündə yaranan bu sualları da diqqətə çatdırdı: “İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Çünki İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim eksklavımız olan Naxçıvana çıxışımız olsun. Lakin bu, hələ də baş vermir.”

Sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Keçirilən  görüş yaxşı mühit yaradır. Cənab İlham Əliyev belə bir inamı ifadə edir ki, əgər  Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda  tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik.

Xatırlasaq, Azərbaycan qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edərkən onun masa üzərində uzun müddət qala bilməyəcəyini də bəyan etmişdi. Təbii ki, hazırkı Azərbaycan işğal dövrünün Azərbaycanı deyil. Bugünkü Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycandır. 44 günlük İkinci  Qarabağ müharibəsi ermənilərin illərdir yaratdığı mifləri dağıtdı. Erməni ordusunu ən güclü ordu, erməni xalqını məğlubedilməz xalq kimi təqdim edən ermənilər və onlara illərdir havadarlıq edən dövlətlər həqiqəti qəbul etmək məcburiyyətində qaldılar. Həqiqət bundan ibarətdir ki, ən güclü ordu Azərbaycan Ordusudur. Azərbaycan xalqı hər zaman yenilməzliyi, məğrurluğu, tarixinə sahib çıxa xalq olması ilə diqqətdə olub. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi.

“Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq” bildirən cənab İlham Əliyev qeyd etdi ki, otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Məhz buna görə heç də bütün şəhərlər dağıdılmamışdır. Lakin Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. Bir milyon azərbaycanlı evindən məhrum olmuşdur. Bütün bu acılara baxmayaraq, biz qisas almadıq: “Mən dedim ki, biz qisası döyüş meydanında alacağıq, lakin Ermənistan müharibənin ilk günündən mənim tələb etdiyim bütün ərazilərdən geri çəkiləcəyi tarixləri təqdim edən kimi biz dayandıq və sonra da sülh haqqında danışıqlara başladıq. İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik.”

Sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlarda Ermənistan Azərbaycan tərəfindən irəli sürülən, beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən  sülh təklifini dəstəklədiyi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, sonrakı dövrlərdə törətdiyi təxribatlarla, heç bir əsasa söykənməyən təbliğatları ilə bu prosesə əngəl törətməkdə maraqlı olduğunu açıq-aydın nümayiş etdirir. Ermənistan 30 illik işğal dövrünün ab-havası ilə yaşasa da, unutmamalıdır ki, bu gün şərtləri diktə edən Azərbaycandır. Dövlət başçısı İlham Əliyevin “Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq” çağırışı Ermənistana ciddi mesajdır.

DİGƏR Xəbərlər Arxiv