YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Reallığı qəbul etməyə borcludurlar

Ərazi bütövlüyünü təmin edərək müharibəni qələbə ilə başa vuran Azərbaycan Ermənistanla münasibətlərinin normallaşdırmağa, bölgədə sülhün bərqərar olmasına çalışır.

Rəsmi Bakının münaqişədən sonrakı illərdə bu istiqamətdə dürüst fəaliyyəti bunun təsdiqidir. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki Azərbaycanın Ermənistana qarşı hər hansı bir ərazi iddiası yoxdur. Onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik.

Bu fikirləri Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, siyasi şərhçi Emin Bağırov deyib.

Siyasi şərhçi qeyd edib ki, postmünaqişə dövründə regionda baş verən bütün proseslərə təmkinlə yanaşan Azərbaycan sülhün tərəfdarı olduğunu aydın şəkildə bəyan edib. Rəsmi Bakının siyasəti, davranışları bunu sübutudur. Ermənistan isə tipik ənənəsinə sadiq qalaraq məqsədli şəkildə təxribatları davam etdirir.

“Vətən müharibəsindən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan, Azərbaycanın sülh çağırışları fonunda gərginliyi artıran addımlar atır. Hələ də regionda marağı olan bəzi ikili standartlara xidmət edən bədnam və ədalətsiz ölkələrin dəstəyinə ümid edir. Sirr deyil ki, otuz il işğal altında olan ərazilərimizin tamamilə dağıdılıb xarabazara çevrilməsi müasir dünyanın gözü qarşısında baş verib. Bir milyona yaxın insanın ata-baba torpaqlarından didərgin düşməsi, qaçqına, məcburi köçkünə çevrilməsinə ikili dünya tərəfindən göz yumulub. Dünyanın ən dəhşətli soyqırımı – Xocalı faciəsinə dünya səssiz qalıb. ATƏT-in mandatı altında sülh yolu ilə münaqişənin həllini üzərinə götürmüş keçmiş Minsk qrupu problemi ədalətli şəkildə həll etmək əvəzinə, Prezident İlham Əliyev demişkən bu işğalı əbədiləşdirmək istəyirdi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etmək məcburiyyətində qalaraq, tarixi ədaləti bərpa etdi və bu gün bölgədə barışın əldə olunmasında səylə çalışır.

Ölkə başçısı müsahibəsində Ermənistanla sülh gündəliyi məsələsinə toxunaraq vacib məqamlara aydınlıq gətirdi. Prezidentin qeyd etdiyi kimi, biz bölgədə davamlı sülhün tərəfdarıyıq. Amma bu bizim zəif olmağımızı göstərmir, əksinə, qarşı tərəf yaxşı bilir ki, biz güclüyük. Sadəcə Azərbaycan tarixin bu qara səhifəsinin bağlanmasını istəyir, ölkəmiz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmir”, - deyə E.Bağırov söyləyib.

O qeyd edib ki, Ermənistana və onun beynəlxalq himayəçilərinə dövlətimizin başçısının çatdırdığı başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır.

Prezident İlham Əliyev humanizm prinsiplərinə həmişə sədaqətini nümayiş etdirən Azərbaycanın sülh tərəfdarı olduğunu bəyan etməklə, həm də qətiyyətli şəkildə bildirdi ki, bununla paralel olaraq ölkəmiz getdikcə güclənir, müdafiə imkanlarını artırır.

Qarşı tərəf bunu anlamalı, erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə proqnozlaşdırılmayan vəziyyət olacaq.

Emin Bağırov bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan monoetik ölkə deyil, ölkəmiz dünyada multikulturalizmin mərkəzi, məbədi kimi tanınır. Azərbaycan əsrlər boyu milli mənsubiyyətindən, dini baxışlarından asılı olmayaraq müxtəlif xalqlara, millətlərə qucaq açıb, onlar ölkə ərazisində tam təhlükəsiz şəraitdə yaşayıblar. Qarabağda yaşayan ermənilər bu nümunəni dəyəndirməli, inteqrasiya olunmalı, ölkəmizdəki tolerant və multikultural mühitdən fəal şəkildə yararlanmalıdırlar. Azərbaycan dövlətinin insan hüquqlarının aliliyinə əsaslanan siyasətindən erməni icması da istifadə etməlidir. Onlar bilməlidirlər ki, gələcək təhlükəsizliyin qarantı yalnız Azərbaycan dövləti, ölkəmizin qanunlarıdır: “Məhz bu baxımdan Prezident İlham Əliyev müsahibəsində Qarabağ ermənilərinə, aydın şəkildə mesajlarını çatdırdı. Qarabağda yaşayan ermənilər qondarma liderlərinin deyil, reallığın arxasınca getməməlidirlər. Onlar Azərbaycan vətəndaşlığını qəbul etdiyi təqdirdə, cəmiyyətimizin bir hissəsi olaraq digər vətəndaşlarımız kimi normal həyat yaşayacaqlar. Eyni zamanda vətəndaşlarımız olaraq onların təhlükəsizlik təminatları, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Ölkəmizdə yaşayan 30 minə yaxın erməni millətinə mənsub vətəndaşlarımız buna nümunədir. Rəsmi İrəvan və torpaqlarımızda yaşayan ermənilər bu reallığı qəbul etməyə borcludurlar”.

DİGƏR Xəbərlər Arxiv