YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı hörmət və möhkəm dostluq prinsipləri

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycanın möhkəm dostluq və sıx əməkdaşlıq münasibətlərində olduğu dövlətlərdən biri də Çin Xalq Demokratik Respublikasıdır. Çinlə Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin perspektivləri bir neçə amillə izah oluna bilər. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb, 1993-cü ilin dekabr ayının 1-də isə ilk səfir təyin edilib. 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ölkəmizin Çin Xalq Respublikasında səfirliyinin açılması qərarlaşdırılıb. Müstəqil müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin prezidentlik fəaliyyəti dövründə ölkələrimiz arasındakı əlaqələr daha güclənmiş və inkişaf etmişdir. Geosiyasi baxımdan əhəmiyyətli mövqeyə malik olmaqla yanaşı, sürətlə inkişaf edən Azərbaycan və tədricən dünya iqtisadiyyatının inkişafında həlledici mövqeyə malik olan Çin arasında münasibətlərin inkişaf perspektivləri böyükdür. Hər iki ölkə regional məsələlər və beynəlxalq problemlərə yanaşmada çox vaxt eyni mövqe tutur. Azərbaycanda, xüsusilə, texnologiya sahəsində yüzlərlə Çin şirkəti fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev də ÇXR-lə münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, ticari-iqtisadi və digər sahələrdə yeni əməkdaşlıq platformalarının yaradılması əlaqələrimizin yüksək inkişaf səviyyəsinin göstəricisidir. Belə ki, Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir. Bununla yanaşı digər xüsusi məsələni də qeyd etmək lazımdır ki,  Çin Xalq Respublikası və Azərbaycan Respublikası qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqlarının toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiyini bildirir. Azərbaycanın Tayvan, Tibet və "Şərqi Türküstan" məsələlərində Çinin mövqeyini dəstəkləyən xarici siyasətini qarşı tərəf də yüksək qiymətləndirir.

Qeyd edilən məsələlər bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibədə daha yaxşı əksini tapıb.  Çin Azərbaycanın əsil dostudur və bu dostluq tarixin sınaqların üzü ağ çıxaraq özünü sübut edib. İki ölkənin dostluğunun təməli isə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 7-10 mart 1994-cü il tarixlərdə Çin Xalq Respublikasına tarixi səfəri ölkələrimiz arasındakı əlaqələrin möhkəm təməlinə çevrilmişdir. Ölkələrimiz arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. COVİD-19 pandemiyası zamanı peyvəndlərin əlçatmazlığının ən yüksək səviyyədə olduğu bir anda Çin Azərbaycan Prezidentinin müraciətinə dərhal reaksiya verərək ölkəmizi bir milyon doza peyvəndlə təmin etmişdi.

Digər bir faktı da qeyd etmək lazımdır ki, Çinin dövlət başçısı Si Cinpin “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırması məhz güclü dostluq münasibətlərinin bariz nümunəsidir.

Azərbaycan və Çin dövlətləri arasındakı münasibətlər günbəgün daha da güclənir. Ona görə ki, dövlət başçılarının apardığı düzgün siyasət humanizm, qarşılıqlı fəaliyyət və səmimi dostluq prinsiplərinə əsaslanır.