YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabit ölkə və etibarlı tərəfdaş

Pərvin Kərimzadə,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ölkə Prezidenti İlham Əliyev dünyanın aparıcı media təşkilatlarının xarici nümayəndələrinə verdiyi müsahibələr bu günün real hadisələrini, həqiqətləri əks etdirir və dövlətimizin haqqa, ədalətə söykənən, beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini ortaya qoyduğunu nümayiş etdirir. Dövlətimizin başçısının iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanan müsahibəsi Azərbaycanın davamlı inkişafını, postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırmaqda növbəti addım oldu.

Bu gün beynəlxalq aləmdə sabit ölkə və etibarlı tərəfdaş kimi tanınan müstəqil Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə istər regional, istərsə də beynəlxalq əməkdaşlıq kontekstində çox mühüm tərəfdaş kimi çıxış edir. Dünyanın inkişaf etmiş dövlətləri qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycanla dostluq, əməkdaşlıq əlaqələri qururlar. O cümlədən, dünyanın diqqətini özünə cəlb etməyi bacaran Çin Xalq Respublikası ilə Azərbaycan arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb. Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən təməlini qoyulan Çin-Azərbaycan dostluğu Prezident İlham Əliyev "China Global Television Network” televiziya kanalına müsahibəsində bir daha xatırladıb, dahi şəxsiyyətin coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşən iki ölkənin milli maraqlara söykənən dostluq əlaqələrindən danışılıb.

1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Çinə uğurlu səfərindən sonra iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənib, əlaqələrimiz uğurla inkişaf edib. Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına hər zaman əlverişli zəmin yaradıb.

Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin geniş qeyd edildiyi vurğulayan ölkə Prezidentimiz qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.

Müsahibədə Çin Xalq Respublikası 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı layihəyə də diqqət çəkilib. Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə Azərbaycan oldu və layihədə iştirak edən ölkələr arasında 307 günə infrastruktur layihəsini icra edərək rekorda imza atdı.

Müxbirin “Azərbaycan buna necə nail olub və “Bir kəmər, bir yol” layihəsinin faydasını necə görürsünüz?” sualını cavablandıran Prezident cənab İlham Əliyev bildirib ki, bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun ovaxtkı yükaşırma qabiliyyəti 15 milyon ton idi. Hazırda isə biz onun imkanlarını 25 milyon tona qədər çatdırırıq. Biz Xəzər dənizində daha çox gəmi tikirik. Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker və yük gəmiləri inşa edirik ki, daha çox yük daşıya bilək. İndi biz gəmiqayırma zavodumuzu genişləndirməyi planlaşdırırıq ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edə bilək. Həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır.

Azərbaycan Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır.

İki ölkənin iqtisadi əməkdaşlıq məsələlərində mövqeləri hər zaman üst-üstə düşür. Bu da regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır

"Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar. Bundan sonra razılaşma əldə oluna bilər”- deyə masahibə zamanı Ermənistan-Azərbaycan münasibətlərinə diqqət çəkən ölkəmizin Prezidenti bildirib.

Dövlət Başçısı nəinki müsahibələrində, eləcə də ən mötəbər tribunalarda səsləndirdiyi fikirlərində daim Azərbaycanın regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsi təşəbbüsləri ilə çıxış etdiyini bütün dünyaya çatdırır.