YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi əlaqələrdə yeni mərhələ

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə əlaqələr xüsusi önəm kəsb edir. Azərbaycan-Çin əlaqələri də dövlətimizin xarici siyasətində mühüm əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Çin ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çinlə bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. İki ölkə arasında ticarət, iqtisadi, diplomatik, siyasi, hərbi, humanitar və mədəni əməkdaşlıq inkişaf edir.

Cari ilin 22 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “China Global Television Network” televiziya kanalında yayımlanan Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Azərbaycan və Çin arasında dosluq və əməkdaşlıq əlaqələrinin inkişafına, ölkəmizdə gedən bir çox proseslərə, xarici və daxili siyasət, idman, nəqliyyat, və digər məsələlərə toxundu.

Televiziya müxbirinin suallarını cavablandıran ölkə başçısı qeyd edib ki, bu gün iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev Çinlə əlaqələrin dərinləşməsinə böyük önəm verib. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Çinin rəsmi şəxsləri ilə çoxsaylı görüşlər keçirib.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafında maraqlı olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, onun xarici siyasət prioritetlərindən biri də Çinlə ikitərəfli münasibətlər qurmaq idi: “Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü – bunlar təxminən 30 il öncə baş vermişdi. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı”.

Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə diqqət çəkərək vurğulayıb ki, Heydər Əliyev hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin: "1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycana hücum edərkən, Ulu Öndər Heydər Əliyev həmin qanlı hücuma qarşı etiraz səsini ucaldan və bu hadisəni pisləyən yeganə şəxs idi".

“Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür”, – deyən dövlətimizin başçısı əlavə edib ki, iqtisadi əməkdaşlıq məsələlərində də mövqelərimiz üst-üstə düşür.

Ötən 30 ildə iki ölkə arasında əməkdaşlıqda yekdil siyasətin olması çox vacibdir. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayıb. Azərbaycan Cənubi Qafqaz regionunda çox önəmli bir ölkədir. Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir.

Prezident İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin də istifadəyə veriləcəyini vurğulayıb: “Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb”.

Şübhəsiz ki, Zəngəzur dəhlizinin işə salınması regional və beynəlxalq ticarət əlaqələrində yeni mərhələ olacaq. Zəngəzur dəhlizinin işə salınması Cənubi Qafqazda yeni reallıqlar və əməkdaşlıq imkanlarını müəyyən edəcək.