YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanı daha yaxından tanıyır, həqiqətlərə şahidlik edirlər

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi olan doğma Şuşamız erməni işğalından azad olunduqdan sonra bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Burada keçirilən bütün tədbirlər, festivallar, idman yarışları xüsusi əhəmiyyəti ilə seçilib. Tədbirlərdə iştirak edən xarici dövlətlərin nümayəndələri, siyasətçilər, jurnalistlər, ekspertlər, ümumilikdə ölkəmizə gələn qonaqlar Azərbaycanı daha yaxından tanıyır, həqiqətlərə şahidlik edirlər.

Bu günlərdə isə Qələbəmizin rəmzi sayılan Şuşada növbəti möhtəşəm tədbir - “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Dünyanın aparıcı media qurumlarının rəhbərlərinin, tanınmış jurnalistlərin iştirakı bu beynəlxalq tədbirin əhəmiyyətini göstərir.

Prezident İlham Əliyev Forumda çıxış edərək bir sıra məsələlərə toxundu, olduqca mühüm əhəmiyyətə malik mesajlar verdi.  Prezident İlham Əliyev öz çıxışında, həmçinin xarici və yerli jurnalistlərin verdiyi suallara cavabı zamanı toxunduğu məsələlər, həmçinin dünyada mövcud vəziyyətlə, baş verən proseslərlə, regionun gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər önəmli idi. Üç saata yaxın davam edən müzakirələrdə Prezident İlham Əliyev söylədiyi fikirlərlə, gündəmə gətirdiyi mövzularla, irəli sürdüyü təkliflərlə bir çox məsələlərə aydınlıq gətirdi. Tarixi həqiqətlərə, postmünaqişə dövrünün reallıqlarına, müasir dövrün çağırışlarına toxunan ölkə başçısı strateji inkişaf istiqamətlərini müəyyənləşdirdi, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi məsələlərinin ön planda dayandığını bildirdi.

Böyük Qayıdış Proqramının uğurla icra edildiyini, Proqramın icrası üçün maliyyə resurslarının səfərbər edildiyini, infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclərin təqribən 7 milyard ABŞ dollarına bərabər olacağını, 30-dan çox şəhər və kəndin Baş planının təsdiqləndiyini, bir çox kəndlərin təməlinin qoyulduğunu qeyd edən Prezident həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qaytaracağını bildirdi.

Prezident İlham Əliyev ABŞ-dan olan jurnalistin sualını cavablandırarkən ölkəmizə qarşı potensial təhlükənin olmadığını, Azərbaycanda sabitliyin, həmrəyliyin yüksək səviyyədə olduğunu qeyd etdi. “Torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Birincisi, daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Mən rəqəmlərə varmaq istəməzdim, ancaq maraqlansanız görərsiniz ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk. Bu baxımdan keçmişdə bizə olan təhlükə məhz Ermənistan və onun işğalı ilə bağlı idi. Həmin təhlükə 30 il ərzində məhz buradan qaynaqlanırdı və artıq biz bu təhlükənin öhdəsindən gəlmişik”.

Bir sözlə, Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı, media nümayəndələrinin suallarını açıq və şəffaf şəkildə cavablandırması, regionda mövcud olan vəziyyəti dəqiqliklə təhlil etməsi, bu mötəbər tədbirin əhəmiyyətini daha da artırdı. Əminliklə deyə bilərik ki, Şuşa Qlobal Media Forumu dünya mediyasının diqqətini özünə çəkməyi bacardı.