YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurla inkişaf edən Azərbaycan-Çin əlaqələri

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Dövlətimizin başçısı cənab İlham Əliyev hər dəfə xarici mətbuata müsahibələrində qalib ölkənin qalib Lideri kimi suaları konkret faktlarla əsaslandıraraq cavablandırır, Azərbaycanın həqiqətlərini, reallıqlarını yüksək səviyyədə beynəlxalq aləmə çatdırır. Bu baxımdan Prezident cənab İlham Əliyevin iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanan müsahibəsi Azərbaycanın tərəqqisini, davamlı inkişafını nümayiş etdirən mühüm məqamlarla diqqəti cəlb edib. Qalib ölkəmizin bu günü və gələcəyi üçün yaradılan möhkəm təməldən geniş bəhs edilən müsahibənin əvvəlində “China Global Television Network” televiziya kanalının müxbiri müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə diqqət çəkərək “O, təkcə Ulu Öndər və müasir Azərbaycanın qurucusu deyil, Çin-Azərbaycan dostluğunun təməlini qoyan şəxs olub. Ona görə bir daha onun xatirəsinə ehtiramımızı ifadə edirik” söylədi.

Sözsüz ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafında rolu əvəzsizdir. Dahi rəhbərin Çin Xalq Respublikasına səfərləri, dünyanın diqqətini özünə cəlb etməyi bacaran ölkənin rəhbərləri ilə görüşləri Azərbaycan arasında əməkdaşlıq münasibətlərini yüksək səviyyədə formalaşdırdı. Əməkdaşlığımızın təməlinin məhz o vaxt qoyulduğunu, bu gün ölkələrimiz arasında əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.

Ümummilli Lider Heydər Əliyevin layiqli varisi Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqın sabahını düşünən, gələcəyə hesablanmış siyasəti, yeni təkmil islahatları Azərbaycana davamlı uğurlar qazandırır. Əldə olunan nailiyyətlər, dövlətimizin beynəlxalq hüquqa əsaslanan balanslaşdırılmış xarici siyasəti nəticəsində ayrı-ayrı ölkələrlə qurduğu əməkdaşlıq əlaqələri Azərbaycanın çağdaş tarixində yeni səhifə açıb. Məhz, dahi rəhbərin əsasını qoyduğu daxili və xarici siyasət ötən 30 il ərzində bizə çoxsaylı uğurlar bəxş edib və həmin siyasət bu gün də Azərbaycanı parlaq gələcəyə aparır.

“China Global Television Network” televiziya kanalına müsahibəsində dövlətimizin başçısı cənab İlham Əliyev vurğulayıb ki, ötən 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub.

Bəli, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir. Bu torpaqlarda ermənilər tərəfindən bütün infrastrukturun dağıdılması və talan edilməsi, hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması göz önündədir. Reallıqlar Ermənistanın dağıdıcı, işğalçı, Azərbaycanın isə qurucu, yaradıcı olduğunu təsdiq edir.

Ermənistan-Azərbaycan münasibətlərindən danışan ölkə Prezidentimiz qeyd edib ki, Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar. Bundan sonra razılaşma əldə oluna bilər və düşünürəm ki, əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik. Bu, həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar”.

Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşən, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan Azərbaycan regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsində öz sözünü deyir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır.

Bu da bir daha onu təsdiq edir ki, regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsində Azərbaycanın rolu əvəzsizdir.