YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq portfeli genişlənir

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

“Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Çinə səfərindən sonra iki ölkə arasında əlaqələrin spektri genişləndirilmiş və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur. Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılmış xarici siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı strategiyanın prioritet istiqamətlərindən biri kimi Çin Xalq Respublikası ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olmasını təmin etmişdir.  Azərbaycanın xarici ölkələrdə təsis etdiyi ilk diplomatik nümayəndəliklərindən birinin məhz Çin Xalq Respublikasında açılması bu dövlətə verilən diqqətin bariz nümunəsidir. Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində də müsbət dinamika mövcuddur. Ümummilli Lider, həmçinin Azərbaycanın dövlətçilik ənənələrini yaradıb, ölkəni inkişaf yoluna yönləndirib. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət ötən 30 il ərzində bizə çoxsaylı uğurlar bəxş edib və həmin siyasət bu gün də Azərbaycanı irəliyə aparır. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.

Göründüyü kimi, tərəflərin münasibətləri daha da inkişaf etdirmək istəkləri Azərbaycan-Çin münasibətlərinin perspektivini parlaq edir və ölkələr arasında əlaqələrin günün tələbləri səviyyəsində inkişafına güclü təkan verir. Xalqlarımızın onilliklərdən bəri davam edən dostluq əlaqələrini, eləcə də, Çin və Azərbaycanın dövlət rəhbərlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini nəzərə alaraq tam əminliklə söyləmək olar ki, bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək və xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.

Hazırda Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlıq əlaqələri uğurla inkişaf edir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir və nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurub. Bu mənada, Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də Çin ilə əməkdaşlıq etməyə ümid edir. Eyni zamanda, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda böyük potensial var, Çində isə böyük texnoloji nailiyyətlər mövcuddur və bu səylər də birləşməlidir.