YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tranzit imkanlarımız artır

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Azərbaycanın bu günü və gələcəyi üçün yaradılan möhkəm təməldən geniş bəhs etdi. Müsahibənin müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin keçirildiyi vaxta təsadüf etdiyini xüsusi qeyd edən müxbir “O, təkcə Ulu Öndər və müasir Azərbaycanın qurucusu deyil, Çin-Azərbaycan dostluğunun təməlini qoyan şəxs olub. Ona görə bir daha onun xatirəsinə ehtiramımızı ifadə edirik” söylədi.

“Tamamilə haqlısınız ki, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi” bildirən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb: Dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı.

Prezident İlham Əliyevin hər bir müsahibəsi Azərbaycanın təqdimatında zəngin mənbədir. Dövlət başçısı ölkəmizin müstəqilliyinin bərpasının ilk illərindən bu günədək keçdiyi inkişaf yolunu təhlil edərək Ümummilli Liderin xidmətlərinin aydın mənzərəsini yaradır. Bu fakt inkaredilməzdir ki, Ulu Öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımını atan dövlətlərin qarşısında dayanan vəzifələri açıqlayarkən xarici siyasətin düzgün qurulmasını, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişaf etdirilməsini vacib amil kimi önə çəkirdi. Məhz onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunədir.

Sözügedən müsahibədə “Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub” söyləyən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi vurğuladı ki, Ümummilli Lider Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı: “Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”.

Yaradılan möhkəm təməl əlaqələrin hazırkı inkişafında öz sözünü deyir. Bu məqamı da qeyd edək ki, Azərbaycan hər zaman tranzit imkanları ilə dünyanın diqqətində olub. Ölkəmizin yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında körpü rolunun möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev bu məqamı da qeyd etdi ki, hədəfim dünyanın və Azərbaycanın dəyişməkdə olduğunu nəzərə alaraq Heydər Əliyev siyasətini davam etdirmək, ölkəni müasirləşdirmək, bir də heç vaxt digərlərinin hökmranlığı altında yaşamamaq üçün müstəqilliyimizi möhkəmləndirmək, özünü təmin edən güclü iqtisadiyyat qurmaq və insanların daha yaxşı yaşamasına şərait yaratmaqdır.

Azərbaycanın iqtisadi inkişafının dayanıqlığı qarşıya qoyduğu hədəflərə zamanında və yüksək səviyyədə nail olmasını şərtləndirir. Hazırda tarixi Zəfərimizin yaratdığı reallıqların həyata keçirilməsi istiqamətində səylər göstərilir. Əsas çağırışlarımızdan olan Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin müsahibəsində diqqət göstərdiyi məsələlərdən biri Zəngəzur dəhlizinin açılması məsələsi oldu: “Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq. Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni, əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik”.