YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional təhlükəsizliyə töhfə

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Çinin “China Global Television Network” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın siyasi prioritetlərindən bəhs edərək bildirdi ki, 30 il ərzində dünya dəyişib, lakin ölkəmizin başlıca məqsədləri dəyişməz olaraq qalıb. Bunlar dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafını təmin etməkdir. Ölkəmizin bu gün rəhbər tutduğu daxili və xarici siyasət prioritetlərini isə Ulu Öndər Heydər Əliyev müəyyən edib. Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs məhz Ulu Öndər Heydər Əliyev olub. Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında da çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Bu mövzuda danışarkən Prezident İlham Əliyev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi.

Ulu Öndər Heydər Əliyev peşəkar rəhbər idi və  hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin. Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi. Ulu Öndər sovet hökumətinin anti-Azərbaycan mövqeyi səbəbindən kommunist partiyasını tərk etdi. Bunun özü də çox cəsarətli addım idi, çünki sovet hökuməti və sistemi hələ də çox güclü və qəddar idi. Prinsipiallıq və Vətənə sədaqət nümunəsi olan Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycana hücum edərkən, həmin qanlı hücuma qarşı etiraz səsini ucaldan və bu hadisəni pisləyən yeganə şəxs idi. Müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqı yaranmış çətin vəziyyətdən xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü və ən çətin vaxtda onu dəvət etdi. 1993-cü ildə Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi həqiqətən çox cəsur addım idi. Bir sözlə, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. 

“China Global Television Network” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev Azərbaycan-Çin ikitərəfli əlaqələrində əldə edilən nailiyyətləri çox uzun bir yolun başlanğıcı adlandırdı. Bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, hər iki ölkənin mövqeyi suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində də ölkələrimizin mövqeyi üst-üstə düşür. Qarşılıqlı ticarətin həcminin artması və böyük potensial xüsusilə göz qabağındadır. Meydana gələn yeni nəqliyyat marşrutları ölkələrimizi gələcəkdə daha da birləşdirəcək. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq. Bir sözlə, Azərbaycan və Çin arasında ikitərəfli əlaqələrin inkişafında yekdil siyasət mövcuddur.

Prezident İlham Əliyev “China Global Television Network” televiziya kanalına müsahibəsində qeyd etdi ki, dünyada Çinin dostlarının sayının ildən-ilə artması bu ölkənin beynəlxalq nüfuzun göstəricisidir. Azərbaycan da Çinlə dost ölkədir. Bu dostluğun təcəssümü özünü COVID-19 pandemiyası dövründə büruzə verdi. Belə ki,  COVID-19 başlayanda peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşəndə Azərbaycana yardım edən yeganə ölkə Çin oldu.

Ölkə başçısı bildirdi ki, inkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Azərbaycan coğrafi üstünlüklərə malikdir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanıb. Nəqliyyat marşrutları haqqında fikir bildirərkən Prezident İlham Əliyev vurğuladı ki, “Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Ölkəmizin dəniz ticarət limanı bir neçə il əvvəl istifadəyə verilib. Dəniz ticarət limanının imkanları hazırda 25 milyon tona qədər artırılır. Ölkəmiz gəmiqayırma zavodunu genişləndirilməyi nəzərdə tutur ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edə bilsin. Ümumiyyətlə, Azərbaycan böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görür. Hazırda ölkəmizin mövcud dəmir yolu müasirləşdirilir ki, qatarların sürəti artırılsın və daha çox yüklər nəql edilsin.

“China Global Television Network” televiziya kanalına müsahibəsində ölkə başçısı xüsusilə vurğuladı ki, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində hazırda çox fəal şəkildə işlər aparılır.