YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi-diplomatik dərs

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Vaxtilə erməni qəsbkarlarının vandalizminə məruz qalan Şuşa indi artıq inkşaf etməkdə, çiçəklənməkdə və beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməkdədir. İyulun 21-də Şuşada növbəti beynəlxalq tədbir - “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun açılış mərasimi keçirildi. 49 ölkədən 150 xarici qonağın, 34 ölkənin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun iştirakı ilə keçirilən Qlobal Media Forumunun açılış mərasimində Prezident  İlham Əliyev iştirak və çıxış etdi. Qeyd etmək lazımdır ki, belə yüksək səviyyəli beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi və Prezidentin bu tədbirdə iştirakı Azərbaycan dövlətinin media sahəsinə olan diqqətinin göstəricisidir. Qlobal Media Forumunun açılış mərasimində çıxış edən dövlət başçısı bir çox vacib məsələlərə toxundu. Ümumilikdə, Azərbaycan Prezidentinin məzmunlu, arqumentli və detallı çıxışı əsl siyasi-diplomatik dərs idi.

Çıxışında Prezident İlham Əliyev Azərbaycan və Türkiyə qardaşlığı haqqında danışaraq qardaş Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi dəstəyi xüsusi vurğuladı. Eyni zamanda, dövlət başçısı Vətən müharibəsindəki parlaq qələbədən sonra Azərbaycan və Türkiyə arasında mövcud olan de-fakto münasibətlərin rəsmiləşdiyini və Şuşa Bəyannaməsinin imzalanmasını diqqətə çatdıraraq bunun da ölkələrimiz üçün çox böyük sərvət olduğunu bildirdi. Əlbəttə bu gün Azərbaycan və Türkiyə arasındakı sarsılmaz birlik hər iki dövlətin gücünə güc qatır. Ölkələrimizin dünya miqyasında nüfuzunun artması, eyni zamanda Azərbaycanla Türkiyə arasındakı əlaqələrin sürətli şəkildə inkşaf edərək ali müttəfiqlik formasına qədər yüksəlməsi hər iki ölkənin liderinin - Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, uzaqgörən siyasətinin nəticəsidir.

Daha sonra Ali Baş Komandan İlham Əliyev Ordumuzun daha da qüdrətlənməsi, Ermənistandakı revanşist qüvvələr haqqında danışaraq qeyd etdi ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra ölkəmizə qarşı potensial təhlükə yoxdur. Əlbəttə bu gün Azərbaycanda güclü daxili sabitlik, inkşaf və sarsılmaz birlik mövcuddur. Nə qədər ki ölkəmizdə xalq-iqtidar birliyimiz, güclü ordumuz və İlham Əliyev kimi müdrik Liderimiz var Azərbaycan istənilən qüvvəyə layiqli cavab verməyə qadirdir və bizə heç təhlükə ola bilməz.

Ölkə başçısı Azərbaycanın dünya dövlətləri və aparıcı beynəlxalq təşkilatlardakı fəaliyyətindən danışdı. Xüsusi olaraq qeyd etmək lazımdır ki, hazırda dünyada cərəyan edən gərginlik, beynəlxalq münaqişələr və qeyri-sabit proseslər fonunda Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə ölçüb biçərək həyata keçirdiyi müdrik, uzaqgörən və unikal  siyasət nəticəsində ölkəmiz regionun aparıcı dövləti olaraq dünyada etibarlı tərəfdaş, qüdrətli dövlət kimi tanınır. Azərbaycan dövləti tərəfindən bir sıra beynəlxalq əhəmiyyətli enerji layihələri icra olunur, dünya dövlətləri ilə əməkdaşlıq daha da genişləndirilir, ölkələrarası səfərlər və görüşlər həyata keçirilir.

Çıxışında Prezident İlham Əliyev Azərbaycan mediası haqqında bəhs edərək mediamızın, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasındakı rolundan danışdı. Prezidentin də qeyd etdiyi kimi, istər Vətən müharibəsi zamanı, istərsə də müharibədən sonrakı dönəmdə həm mövcud həqiqətlərin, həm də erməni yalanlarının ifşasında Azərbaycan mediası çox böyük rol oynadı. Qürurla qeyd etmək istərdim ki, Azərbaycan hər bir sahədə olduğu kimi media sahəsində də Ermənistan üzərində parlaq qələbə qazandı və qazanmaqdadır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mətbuatın inkişafına dövlət qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı üçün hər bir şərait yaradılmışdır. Azərbaycan dövləti mətbuat sahəsinə diqqət və qayğısına görə dünya ölkələrinə nümunə olacaq model formalaşdırmışdır.