YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın nəqliyyat qovşağı kimi əhəmiyyəti artır

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Qarabağın incisi olan Şuşa erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Prezident  İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı iyul ayının 21-23-də Qarabağın mədəniyyət paytaxtı olan Şuşa  şəhərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. 

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində dərinməzmunlu çıxış edərək bir çox məsələlər, o cümlədən regionda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı fikirlərini ifadə edib. 

Özünü dünyada enerji istehsalçısı kimi sübut edən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib.

Dünyada cərəyan edən mürəkkəb proseslər fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilməkdədir. Respublikamızın ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Azərbaycanda uzun illər ərzində yatırılmış sərmayə və görülmüş işlər nəticəsində dəmir yolları, yol infrastrukturu sahəsində böyük uğurlar əldə olunub.

Hazırda respublikamızdan Rusiya, Gürcüstan, İran sərhədinə kimi magistral yollar uzanır. Eyni zamanda, bu yollar üzərində yüksəksəviyyəli logistika xidmətləri təşkil olunub. Bütün bu kimi amillərin nəticəsidir ki, son vaxtlarda Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Respublikamızın ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutların keçməsi Orta Dəhlizdə Azərbaycanın önəmini artıran amillərdən biridir. Orta Dəhliz marşrutu ilə respublikamıza çatan yüklər buradan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər. Azərbaycanın Vətən müharibəsində işğaldan azad etdiyi Şərqi Zəngəzur regionunda dəhlizin inkişaf etdirilməsi perspektivi var. Bu marşrut Naxçıvandan Türkiyəyə və oradan daha geniş coğrafiyaya uzanacaq. Yeni nəqliyyat bağlantısı Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta Dəhlizə inteqrasiya ediləcək. Beləliklə, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz layihəsində önəmi daha da artacaq.

Zəngəzur dəhlizi Azərbaycan Respublikasının regional və beynəlxalq hüquqi əlaqələrində mühüm rol oynayır. Zəngəzur dəhlizinin eyni zamanda iqtisadi və siyasi əhəmiyyəti də aktual bir amildir. Dəhliz İkinci Qarabağ müharibəsindən sonra hüquqi əhəmiyyətini daha da artırmışdır. Hazırda Azərbaycan və Ermənistan arasında bu dəhliz ilə bağlı razılıq tam şəkildə icra edilməyib. Buna səbəb Ermənistanın hüquqi və siyasi münasibətlərinin icrasında öz öhdəlikləri olan məsələləri yerinə yetirməməsidir. Zəngəzur dəhlizi ilə bağlı hüquqi və siyasi müzakirələr getdikcə aktiv hal almağa başlamışdır. Zəngəzur dəhliziniz açılması Azərbaycan və onun tərəfdaşlarının imkanlarını xeyli genişləndirəcək.