YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Geniş fürsət

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Vətən müharibəsində tarixi qələbədən sonra Azərbaycan sürətli şəkildə azad olunmuş ərazilərin bərpası prosesinə start verdi. Artıq Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr icra olunur. Regionun əsas strateji üstünlüklərində biri onun tranzit marşrutlarının üzərində yerləşməsidir. Azərbaycanın israrla açılmasını təklif etdiyi Zəngəzur dəhlizi bölgənin, daha geniş anlamda isə regionun iqtisadi inkişafında lokomotiv rolunu oynaya bilər. Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək. Nəinki Cənubi Qafqaz, bütövlükdə türk dünyası üçün ən vacib layihələrdən biri məhz Zəngəzur dəhlizinin reallaşmasıdır. Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin reallaşması ilə bağlı sistemli fəaliyyətlər həyata keçirir, xüsusən də Azərbaycan və Ermənistan arasında dəmiryolu kommunikasiyasının bərpası ilə bağlı ümumi razılığın əldə edilməsi ondan xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşması imkanları kifayət qədər yüksəkdir. Zəngəzur dəhlizinin reallaşması türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə imkan yaradacaq. Ermənistan uzun müddətdir ki, bu prosesi yubatmağa çalışır. Baxmayaraq ki, Ermənistan üçtərəfli bəyanatı imzalamaqla bu öhdəliyi üzərinə götürüb.

Prezident İlham Əliyev Çin televiziyasına verdiyi müsahibədə deyib:

“Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək”.

Bəli, ölkəmizin siyasi iradəsi nəticəsində Zəngəzur dəhlizi Cənubi Qafqaz regionunun dünyaya açılmasını təmin edəcək.