YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qlobal Media Forumu mötəbər platformaya çevrilir

Sevinc Qasımova

YAP Gənclər Birliyinin sədr müavini

İyulun 21-23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu keçirilib. Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.

Dövlətimizin başçısı jurnalistləri maraqlandıran heç bir məsələnin üstüörtülü və toxunulmayan mövzu kimi qalmasına icazə verməyərək, hər bir jurnalistin rahatlıqla sual ünvanlamasına şərait yaratdı. Prezident həmişəki kimi, bütün sualları çox dəqiq, sərrast şəkildə cavablandırırdı.

Gözlənildiyi üzrə jurnalistləri maraqlandıran məsələlərin böyük bir qismi Azərbaycan və Ermənistan arasındakı proseslər, sülh müqaviləsi, eyni zamanda ölkəmizin iqtisadi, sənaye sahəsində sürətli yüksəlişi və regionda lider dövlətə çevrilməsi ilə əlaqədar idi. Prezident İlham Əliyev daim təxribatlar törədərək Azərbaycanı bu inkişafdan geri salmaq istəyən Ermənistana mesajlarını da bir daha dilə gətirdi. Prezident vurğuladı ki, Ermənistan rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. “Onlar bunu şifahi şəkildə ediblər, bu, onların mövqeyidir. Onların baş naziri dedi, - “Qarabağ Azərbaycandır”. Qarabağdakı erməni icmasının sülh danışıqlarına hər hansı bir şəkildə daxil edilməsi mümkünsüzdür. Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır” – deyə dövlət başçımız diqqətə çatdırıb.

Torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükənin aradan qalxdığını vurğulayan Prezident ölkənin daxilində sabitliyin, cəmiyyətdə həmrəyliyin hökm sürdüyünü bildirib:

“Ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik mövcuddur. Lakin biz ayıq olmalıyıq və keçmişimizi unutmamalıyıq. Unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi”.

Bütün toxunulan vacib məsələləri, Prezidentimizin açıq və şəffaf şəkildə dünya media nümayəndələrinin suallarını dəqiqliklə cavablandırmasını, Şuşa Qlobal Media Forumuna marağın və diqqətin artmasını nəzərə alaraq qeyd edə bilərik ki, Forum davamlı xarakter almaqla, dünyada media sahəsindəki problemlərin dərin müzakirə olunacağı mötəbər platformaya çevrilməkdədir.