YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məram və maraqlar eynidir

Anar Məmmədov

Milli Məclisin deputatı

Dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əməkdaşlıq yaratmaq prinsipini əsas tutan Azərbaycan Respublikası Çinlə də siyasi, hərbi, iqtisadi, mədəniyyət və digər istiqamətlərdə sıx əlaqələr yaratmağa nail olmuşdur. Bu əlaqələr bu gün də davamlı olaraq həyata keçirilir.

İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfərləri ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev iyul ayının 22-də “China Global Television Network” televiziya kanalına verdiyi müsahibədə Azərbaycanla Çin arasında olan mehriban dostluq münasibətlərindən, Azərbaycan-Çin münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən, praktiki fəaliyyətdən, eyni zamanda gələcəkdə Azərbaycan və Çini biri-birinə uzun müddət dayanıqlı şəkildə yaxınlaşdıracaq fəaliyyətindən danışıb.    

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında Azərbaycanın Çinlə artan istiqamətdə davam edən əməkdaşlığı əsas müzakirə mövzularından biri oldu. Prezidentin Çin Televiziyasına verdiyi müsahibədə səsləndirilən fikirlər ikitərəfli əlaqələrin yüksək səviyyəsindən xəbər verir. İkitərəfli münasibətlərin genişlənməsində dövlət başçıları  arasında dostluq münasibətləri xüsusi  rol oynayır.  Çin və Azərbaycan “Bir kəmər, bir yol layihəsi çərçivəsində də uğurla əməkdaşlıq edir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu.

Azərbaycan-Çin əməkdaşlığının davam edən inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun həyata keçirilməsində, qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində hər iki ölkə maraqlıdır. Bizim münasibətlərimiz siyasi cəhətdən kifayət qədər etibarlıdır və yüksək səviyyədə özünün təzahürünü tapıb. Çin tərəfi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini ifadə edib. Təbii ki, Azərbaycan da vahid Çin ideyasını dəstəklədiyini açıq şəkildə bəyan edir. Çinlə iqtisadi cəhətdən əməkdaşlığımız genişlənir. Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif kampaniyaları iştirak edirlər. Eyni zamanda, Çin və Azərbaycan arasında əməkdaşlığın bir konkret təzahür forması var ki, bu da qədim İpək Yolunun bərpa edilməsi ilə əlaqədar aparılan işlər çərçivəsində reallaşır.

Hazırda dünyanın dövlətlərarası münasibətlərin balansını qorumaq, xarici siyasət kursunda qarşılıqlı dinamikanı saxlamaq olduqca təmkinli və müdrik siyasət yürüdülməsini tələb edir. Çoxvektorlu və praqmatik xarici siyasət kursu həyata keçirən Azərbaycan Prezidenti Cənubi Qafqaz kimi mürəkkəb bir regionda yerləşən Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində mövqeyini gücləndirmək üçün çox ağıllı və çevik, eyni zamanda uzaqgörən siyasətin müəllifi kimi qəbul edilməkdədir. Hazırkı mürəkkəb geosiyasi şəraitdə Şimal-Cənub, Şərq-Qərb, Qafqaz, Xəzər-Qara-Baltik dənizləri hövzələri və Mərkəzi Asiya vektorları üzrə həmahəngliyi təmin etmək, eyni zamanda regional və qlobal xarakterli proseslərin dərin xarakter aldığı xəritədə milli maraq və mənafeləri qorumaq olduqca müdriklik və məharət tələb edir. Bu baxımdan Azərbaycan Cənubi Qafqazın ən güclü aktoru olaraq Qərbin və Şərqin maraq kəsişməsində özünün tarazlı siyasi iradəsini nümayiş etdirir və bu siyasi xətt Çinin də maraqlarına cavab verir. Çin Cənubi Qafqazda Rusiyanın maraqlarına toxunmadan “yumşaq iqtisadi güclə” özünün hakim mövqeyini möhkəmləndirməklə həm də yaranmış siyasi boşluğu da doldurmaqadadır.

Rəsmi Bakı və Pekin bu mürəkkəb dövrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, regional və beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf, mədəni əlaqələrin genişləndirilməsi baxımından həm region dövlətləri, həm də dünya üçün faydalı təşəbbüskarlıqda bərabər niyyət və məramlarla çıxış edir. 

Azərbaycan və Çin yeni nəqliyyat, enerji və tranzit marşrutlarının yaradılması və şaxələndirilməsi, Şərq-Qərb təhlükəszilik və əməkdaşlıq dəhlizinin formalaşmasımda maraqlı dövlətlər kimi yaxından əməkdaşlıq edərək Zəngəzur dəhlizinin yaradılması fonunda regionda möhkəm dostluq və birlik formatı yaratmaqda qərarlı və iradəlidir. Avrasiya regionu ölkələri üçün strateji əhəmiyyət kəsb edən bu təşəbbüslər Şərqdən Qərbə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, sülh və tərəqqinin artmasına töhfə verməyə xidmət edir.

COVID-19 pandemiyası dövründə hər iki ölkə güclü iradə nümayiş etdirərək, bu qlobal bəlaya qarşı mübarizədə həmrəylik nümayiş etdirdi, bir-birini dəstəklədi, Çin əldə etdiyi peyvəndi ilk ölkələrdən biri kimi Azərbaycana təqdim etdi.

Beləliklə, hər iki dost ölkədə siyasət və həyat çox oxşardır. Bizim fəlsəfəmiz eynidir və uğurludur. Dünyanın ən böyük iqtisadi cəhətdən qüdrətli dövlətlərindən biri olan Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin xalqlarının mənafelərinə tamamilə uyğun gəlir.