YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının  yaranması və inkişaf  tarixindən  bəhs edən videoçarx  nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. O söyləyib ki, YAP Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafına öz töhfəsini verib.   N.Pənahov  rayon təşkilatının 30 il ərzində keçdiyi yola da nəzər salıb. Qeyd olunub ki, YAP Tovuz rayon təşkilatı ilk yaradılan rayon təşkilatlarından biridir.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, Cənubi Qafqazın ən böyük aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası cəmiyyətimizin bütün təbəqələrini ətrafında sıx birləşdirən ümumxalq partiyasıdır və Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib.

Partiya veteranı Valeh Rzayev, Qazax Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə Təhsil Sektorunun müdiri Elmira Mürşüdlü çıxışlarında YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışaraq, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu söyləyiblər.

Vurğulanıb ki, partiya Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.