YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliğində mühüm platformadır

Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Şuşa Qlobal Media Forumu öz işini başa çatdırsa da müzakirə edilən məsələlər, ən əsası dövlət başçısı İlham Əliyevin üç saata yaxın yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən  Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş verən hadisələrlə bağlı söylədiyi  fikirlər ölkə və dünya mətbuatında geniş şərh olunmaqdadır. Prezident İlham Əliyevin çıxışının mahiyyətində  daha çox gələcəklə bağlı hədəflər öz əksini tapdı. Dövlət başçısı Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini belə ifadə etdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilmişdir. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra  sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə  həmrəylik var. Birinci planda, dayanıqlı inkişaf məsələləri dayanır. İstənilən şəraitdə və vəziyyətdə iqtisadiyyatın  dayanıqlı olmasını təmin etməliyik. Valyuta ehtiyatlarımızı artırırıq, idarəetmə sistemini təkmilləşdiririk. Bütün bunlar  əlavə imkanlar qazandırır. Hazırkı dövrün əsas çağırışı olan  Ermənistanla münasibətlərin tənzimlənməsinə gəldikdə isə dövlət başçısı bildirdi ki,  sülh müqaviləsinin imzalanmasına nail olsaq,   Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və bu bölgə yüksək risk zonasından çıxmış olacaq.  İnvestorlar, ilk növbədə, potensial və mümkün riskləri nəzərə alırlar. Ermənistanla münasibətlərin tənzimlənməsi bu sualı gündəmdən çıxaracaq. Münasibətlərin normallaşması həm Azərbaycan,  həm də Ermənistan iqtisadiyyatı üçün  daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək. Təbii ki, burada Qarabağın və Şərqi Zəngəzurun malik olduğu potensial da nəzərdə tutulur. Hazırda bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasının prioritetliyini nəzərə alsaq, işğaldan azad edilmiş ərazilərimizin bu sahədə zəngin potensiala malik olduğu inkaredilməzdir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Media Forumunun qlobal miqyas alması Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli platforma oldu. Dövlət başçısı İlham Əliyev bunu belə əsaslandırdı ki, ötən il  Şuşada Azərbaycanın media nümayəndələrinin birinci Forumu keçiriləndə  bu tədbirdə iştirak etməyib. Prezident Administrasiyasına göstəriş verildi ki, gələn dəfə bu tədbiri beynəlxalq Forum səviyyəsində təşkil etmək lazımdır: “Bu, artıq baş verir və mən qərara aldım ki, gəlim burada iştirak edim. Mən bu tədbirdə çıxışçı kimi təqdim edilmişdim. Ancaq mən hesab etdim ki, burada uzun-uzadı çıxış etməyə ehtiyac yoxdur. Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar.”

Rayon təşkilatının sədri onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın informasiya blokadasının yarılmasında  mətbuatın böyük işlər gördüyünü bildirdi. İşğal dövründə tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı torpaqlarımızın azadlığa qovuşmasına gedən yolu hər an yaxınlaşdırmaq üçün səylər göstərirdi. Ölkə Prezidenti “Azərbaycan mediasının bu sahədəki fəaliyyəti, o cümlədən ona görə qiymətlidir ki, dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemi çatdırmaq üçün bizim birinci vasitəmiz media olmuşdur. Ona görə mən media nümayəndələri ilə əvvəlki dövrlərdə, yəni işğal dövründə görüşlər əsnasında hər zaman bunu qeyd edirdim. Qeyd edirdim ki, biz daha çox beynəlxalq auditoriyaya çıxmalıyıq” fikirləri  mətbuatın qarşısında dayanan vəzifələri yerinə yetirdiyinə işarədir.  

Təbii ki, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Azərbaycan mediası da zamanın tələbinə uyğun olaraq təkmilləşir, cəmiyyətin gözləntilərində də fərqlilik özünü aydın  şəkildə büruzə verir. Belə ki, işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə  cəmiyyət keçmiş Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə dolğun məlumatların əldə edilməsində  nə qədər maraqlı idisə, hazırkı dövrün, postmünaqişə  mərhələsinin tələbləri fərqlidir. Burada  Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyət barədə informasiyalar ictimaiyyət üçün daha çox  maraqlıdır. Yazılı və elektron KİV-lər bu tələbatın ödənməsi üçün bütün səylərini səfərbər edir. Dövlət başçısı forumdakı çıxışında  bu çağırışı etdi ki, bu gün  yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir.  Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara  tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik, bax, bu üstünlüyü bizə təmin edir.

Vüqar Rəhimzadə bildirib ki, tövsiyələrə gəldikdə dövlət başçısı İlham Əliyev Azərbaycan mediasının müstəqilliyinin  cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biri olduğunu qeyd etdi. Onu da bildirdi ki, mediada sağlamlaşma prosesi uğurla gedir. Xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Dövlət başçısının tövsiyəsi bu oldu ki,  belə də davam edin.

O, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini bildirib. Lakin 49 ölkənin 150 media nümayəndəsinin  Şuşada bir araya gəlməsinin tamamilə fərqli özəlliyi vardır. Mətbuatın ictimai fikrə təsir imkanlarının genişliyini nəzərə alsaq bu sayda  media nümayəndəsinin  mədəniyyət paytaxtımız Şuşada toplaşaraq həqiqətlərimizi bu məkandan eşitmələri, ən əsası Şuşanın timsalında  ermənilərin digər işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklər barədə aydın təsəvvürə malik olmaları təbliğat işinin yüksək səviyyədə həyata keçirilməsi üçün böyük imkandır. Dövlət başçısı İlham Əliyev yerli və xarici media nümayəndələrini maraqlandıran sualları  cavablandırmaqla yaradılan bu imkanı daha da zənginləşdirdi.  Azərbaycanın, eyni zamanda, regionun  bugünü və gələcəyi ilə bağlı  müəyyənləşdirilən  model təqdim edildi. 

Vüqar Rəhimzadə qeyd edib ki, iyulun 22-də öz işini sessiyalarla davam etdirən  Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə aktual olan məsələlər müzakirə edildi. Çıxışlarda bu mühüm məqam xüsusi qeyd edildi ki,  dövlət başçısı İlham Əliyevin hər bir fikri gələcək üçün bir ideya, istiqamətdir. Mətbuat postmünaqişə dövrünün reallıqlarının qarşıya qoyduğu  tələbləri yerinə yetirəcək,  qlobal çağırışları yüksək səviyyədə cavablandırmaq üçün səylərini daha da artıracaq. Şuşa Qlobal Media Forumu bu hədəflərə nail olmaq üçün təcrübə mübadiləsinə, səylərin birləşdirilməsinə geniş yol açacaq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət başçısı İlham Əliyev hədəflərə çatmaq üçün yol xəritəsini təqdim etdi və bu fikri diqqətə çatdırdı ki, biz hədəfə doğru gedirdik və gedirik, bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var ki, biz hələ onlara çatmamışıq, amma onlara da çatacağıq.