YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji yanaşma

Anar Məmmədov

Milli Məclisin deputatı

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatıldı. İştirakçıların sayı və nüfuzu bu beynəlxalq tədbirin önəmindən xəbər verirdi.

Şuşada keçirilən Forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edərək möhtəşəm çıxışı ilə yadda qaldı. Konfransda Azərbaycanın region və dünyadakı roluna diqqət çəkildi. Həmçinin dövlətimiz üçün prioritet olan istiqamətlər bir daha yerli və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı. Prezident İlham Əliyevin çıxışı müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından ciddi əhəmiyyət kəsb edirdi. Konfransın Şuşada keçirilməsi və Prezident İlham Əliyevin geniş məzmunlu çıxışı, ölkəmizdə və dünyada baş verənlərə strateji yanaşması, yerli və qlobal xarakterli problemlərin həlli yollarına dair təklifləri diqqətdən yayınmadı. 

Böyük Zəfərimizdən keçən qısa bir zaman kəsiyində Şuşa şəhərinin bir neçə dəfə mədəni, siyasi və intellektual hadisəyə ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycanın böyük uğurudur. Bu o deməkdir ki, Azərbaycan uzun illərdən bəri Ermənistan, erməni diasporu və onların çoxsaylı himayədarlarının cəhdlərinə baxmayaraq, öz danılmaz haqqının bütün dünyada qəbul edilməsinə nail olub. Artıq erməni yalanları ayaq tutub yeriyə bilmir. Çünki müzəffər ordumuz erməni yalanlarını da, qondarma iddialarını da darmadağın edib və onları öz gerçək obrazları və saxta tarixləri ilə qarşı-qarşıya qoyub. Bu xüsusda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi Prezidentin çıxışında yer alan mühüm məqamlar sırasında idi. Dövlətimizin başçısı qeyd etdi ki, sülh müqaviləsinin imzalanması bütün regionda sabitliyin və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir.

Dövlət başçısının çıxışında Ermənistan və havadarlarına ismarıclar da vardı və onlar bundan nəticə çıxarmalıdırlar. Prezident həmçinin məğlub Ermənistana, onun havadarlarına və separatçı qüvvələrə xəbərdarlığını ünvanladı. Cənubi Qafqazın inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bütün beynəlxalq təşkilatlar normallaşma prosesində həllin beynəlxalq hüquqa əsaslandığını anlayırlar. Əgər Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. Sülh olmasa, bu, regiona sabitlik, təhlükəsizlik bəxş etməyəcək.

Xarici və yerli media nümayəndələrinin suallarını cavablandıran İlham Əliyev öncə forum iştirakçılarına bir daha bəyan etdi ki, üzərində gəzdikləri torpaq qədim Azərbaycan yurdudur. Əgər Şuşa erməni şəhəri olsaydı, 30 il ərzində haylar bu şəhərin simasını mütləq dəyişərdilər. Amma Şuşa işğaldan azad ediləndə dünya onun acınacaqlı vəziyyətinə şahidlik etdi.

Dövlətimizin başçısı vurğuladı ki, işğaldan azad olunan digər ərazilərimiz kimi, Şuşa şəhəri də demək olar tamamilə dağıdılmışdı. Bu da o anlamı verir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb. Çünki doğma şəhəri dağıtmırlar, inkişaf etdirirlər, Azərbaycan kimi. “Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır” söyləyən dövlət başçısı İlham Əliyev iştirakçıları maraqlandıran sualları cavablandırarkən ölkəmizlə bağlı təhlükələrin nədən ibarət olmasına münasibətində bildirdi ki, torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Dövlət başçısı fikrini əsaslı şəkildə diqqətə çatdırdı. 

İyulun 22-də öz işini sessiyalarla davam etdirən Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə aktual olan məsələlər müzakirə edildi. Çıxışlarda bu mühüm məqam xüsusi qeyd edildi ki, dövlət başçısı İlham Əliyevin hər bir fikri gələcək üçün bir ideya, istiqamətdir. Mətbuat postmünaqişə dövrünün reallıqlarının qarşıya qoyduğu tələbləri yerinə yetirəcək, qlobal çağırışları yüksək səviyyədə cavablandırmaq üçün səylərini daha da artıracaq.

Prezident İlham Əliyev müasir dövrün strateji baxış bucağına sahib lideri kimi danışır və təkcə öz xalqının deyil, bütövlükdə regionda yaşayan bütün xalqların daha yaxşı, daha təhlükəsiz yaşaması üçün atılması zəruru olan addımları açıqlayır, ortaq hədəfləri nişan verir. Azərbaycan Prezidentinin baxış bucağına görə, regionun heç bir dövləti və xalqı qarşılıqlı münasibətləri inkişaf etdirmədən, etibarlı münasibətlər sistemi formalaşdırmadan uzunmüddətli inkişafa və dayanıqlı sabitliyə nail ola bilməz. Problemlərin həlli yolu qarşılıqlı əməkdaşlıqda, problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərməkdədir.

Azərbaycan Liderinin Şuşada keçirilən forumda səsləndirdiyi fikirlər həm Ermənistan, həm də sülh təşəbbüsündə olan ölkə və təşkilatlar tərəfindən bir daha ciddi təhlil edilməli və nəticə çıxarılmalıdır. Azərbaycanın istər regional, istərsə də dünya miqyasında artan nüfuzu göz qabağındadır. Dahi şəxsiyyətin 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda aparılan müzakirələr, Prezident İlham Əliyevin hazırkı dövrün çağırışlarını özündə ehtiva edən cavabları Azərbaycanın möhkəm təməl üzərində daha möhtəşəm uğurlara, qələbələrə doğru inamla irəlilədiyini təsdiqlədi.