YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan həqiqətləri dünyaya çatdırılır

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə əlaqədar olaraq Şuşa şəhərində Qlobal Media Forumu keçirilib.

Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.

Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Prezidentin çıxışı Forum iştirakçılarının, eləcə də beynəlxalq media subyektlərinin diqqətini cəlb etmişdir. Ölkəmizin başçısı bildirmişdir ki, Şuşa rəsmi olaraq bizim ölkənin mədəniyyət paytaxtı və eyni zamanda qəlbəmizin rəmzidir, eyni zamanda sülhün rəmzidir. Çünki ikinci Qarabağ müharibəsi məhz Şuşa azad olunduqdan sonra başa çatdı.

Forum iştirakçılarının diqqətinə çatırıldı ki, onların Füzulidən Şuşaya qədər gəldikləri yol əvvəllər mövcud olmayıb. Bu yol bizim qəhrəman oğullarımızın şücaətinin nəticəsi olaraq salınıb və indi  də “Zəfər yolu” adlanır.

İşğal olunmuş torpaqlar azad edildikdən sonra Azərbaycan üçün heç bir riskin o cümlədən, ölkə daxilində risk, təhlükə olmadığını qeyd edən cənab İlham Əliyev bildirmişdir ki, “Azərbaycan iqtisadiyyatı sabitdir, bunu rəqəmlər də sübut edir”.

Prezident qeyd etmişdir ki, “keçmişdə Azərbaycan üçün risklər Ermənistandan və onun ərazisi tərəfindən işğal edilənlərdən gəlirdi. Keçmişi və Ermənistanın “arxadan bıçağ”ını unutmaq olmaz.

Dövlət başçımız eyni zamanda qeyd etmişdir ki, “Biz istənilən ssenariyə hazır olmalıyıq, çünki Ermənistanda revanşist qüvvələr var”.

Avropa Komissiyasının Prezidentinin Azərbaycanı etibarlı tərəfdaş, Avropa İttifaqının enerji üzrə komissarının isə ölkəmizi Panavropa qaz tədarükçüsü adlandırdıqlarını xatırladan dövlətimizin başçısı qeyd edib: “Sözsüz ki, bizim Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir. Ümidvaram ki, ilin sonuna qədər daha iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək”.

Bu gün Qarabağda bərpa-quruculuq işləri sürətlə davam edir. Büdcəmizdən bu işlər üçün kifayət qədər vəsait ayrılıb, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdır. Prezident də qeyd etdi ki, “Növbəti üç il ərzində Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə 150 mindən çox insanı qaytaracağıq”.

Təəsssüf ki, bu iş heç də asan başa gəlmir. Minatəmizləmə prosesi Böyük Qayıdışa ən böyük əngəldir. Çünki bu iki il yarım ərzində gördüyümüz işlər təkcə onu göstərmir ki, bizim maliyyə imkanlarımız var. Onu göstərir ki, bizim çox ciddi təcrübəmiz və peşəkar kadrlarımız var. Azərbaycan Prezidenti bildirib: “Bu miqyasda layihələri iki il yarım ərzində həyata keçirmək, məncə, heç kimin ağlına gəlməzdi. Heç kim təsəvvür edə bilməzdi ki, cəmi iki il yarım ərzində bu qədər genişmiqyaslı işlər görüləcək, özü də böyük ərazidə. On min kvadratkilometri əhatə edən ərazidə durmadan, gecə-gündüz işlər gedir”.

Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dönəmində bir sıra uğurlara imza atıldığını qeyd edən ölkəmizin başçısı qeyd edib: “Qoşulmama Hərəkatını konkret nəticələrlə zənginləşdirəcəyik. COVID-19 dövründə biz liderlik nümayiş etdirdik. Belə ki, dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etdik və Azərbaycan sədr olaraq fəal peyvənd millətçiliyinə qarşı çıxış etdi”.

Bu gün Cənubi Qafqazda sülh prosesinə dair sualı cavablandıran ölkəmizin başçısı “Əgər Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sazişin ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür”.

Dövlətimizin başçısı qeyd edib ki, lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq.

Ölkəmizin başçısı son 30 ildə yaşananların xalqın qan yaddaşında dərin izlər buraxdığını bildirərək həm də qeyd etmişdir ki, Azərbaycan xalqı yaxşılığı da, pisliyi də unutmur. Bizə dəstək olan, haqq işimizi müdafiə edən, bu gün də quruculuq işlərinə töhfə verən heç kimi unutmamışıq və unutmayacağıq. Türkiyənin, onun lideri cənab Ərdoğanın, türk xalqının müharibə dövründə göstərdiyi mənəvi dəstəyi yüksək qiymətləndirən cənab Prezident qeyd etmişdir ki, “Biz bütün 44 gün ərzində həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Prezident Ərdoğan bir neçə dəfə ictimai şəkildə Türkiyənin mövqeyini bəyan etdi və digər dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Bu, bizim üçün çox böyük mənəvi və siyasi dəstək idi”.

Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox əhəmiyyətlidir. Erməni separatçılarının avantürist hərəkətlərinin sülh prosesinə vurduğu zərbənin aparıcı media qurumları tərəfindən aydın və konkret işıqlandırılması  baxımından önəm kəsb edən bu tədbir ölkə başçısının uzaq hədəflərə yönəlik siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.