YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün bizim həmrəyliyimiz hər zaman olduğundan daha güclüdür

Kamaləddin Qafarov

Milli Məclisin deputatı

“Qədim Şuşa mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə davam edir. İyulun 21-də, Azərbaycan milli mətbuatının yaradılmasının 148-ci ildönümü ərəfəsində, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun açılış mərasiminin də məhz Şuşa şəhərində keçirilməsi Azərbaycan dövləti və birbaşa Prezident İlham Əliyev tərəfindən ölkə mediasına böyük önəm verildiyini bir daha nümayiş etdirir. Forumda yerli media nümayəndələri ilə yanaşı, 49 ölkədən 150 xarici qonağın, 34 ölkənin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumun yüksək səviyyədə təmsil olunduğunu nəzərə alsaq, bu tədbirin Şuşanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə böyük bir töhfə olduğunu aydın görərik. Açılış mərasimində tədbir iştirakçılarını salamlayan dövlət başçısı bildirib ki, bu şəhər ölkənin mədəniyyət paytaxtı olmaqla yanaşı, eyni zamanda da bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir”. Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin sualları cavablandırarkən Azərbaycanın təhlükəsizliyi ilə bağlı səsləndirdiyi fikirlər, əslində, dünyada mövcud olan bütün antiazərbaycan əhval-ruhiyyəli qüvvələrə ünvanlanmış ciddi mesajdır: “ABŞ jurnalistinin Azərbaycana qarşı olan təhlükələrlə bağlı sualını cavablandıran Prezidentimiz qəti və birmənalı olaraq torpaqlarımızın işğalına son qoymuş Vətən müharibəsinin başa çatması ilə ölkəmizə qarşı olan bütün təhlükələrin aradan qaldırıldığını bildirdi. Bununla dövlət başçısı bir tərəfdən ölkədaxili sabitliyin və cəmiyyətimizdə hökm sürən milli həmrəyliyin yüksək səviyyədə olduğunu diqqət mərkəzinə gətirmiş oldu. Əlbəttə ki, bu fonun yaranmasında uğurlu dövlət siyasəti nəticəsində təmin edilmiş güclü iqtisadi inkişaf amili də böyük rol oynayır. Digər tərəfdən isə, Azərbaycan işğalçı-faşist ideologiyası üzərində formalaşdırılmış Ermənistan ordusunu darmadağın etməklə təkcə özünün deyil, bütün regionun təhlükəsizliyini təmin etmiş oldu. Əlbəttə, bu gün Ermənistanda hələ də revanşist ideyalarla yaşayan insanlar, bəzi xarici ölkələrdə isə bu təhlükəli, ilk növbədə Ermənistanın özü üçün çox təhlükəli tendensiyanı mümkün qədər çox yaymağa səy göstərən müəyyən qüvvələr də var.

Lakin bütün bunlar Azərbaycana heç bir real təhlükə törədə bilməz. Çünki dövlət başçımızın dediyi kimi, Azərbaycan özünün müdafiə qüdrətini artırmaqda davam edir və bu gün bizim ordumuz hər zaman olduğundan daha güclüdür. Bu belə də olmalıdır. Azərbaycan beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğu, güc amilinin getdikcə daha çox irəli çəkildiyi bir dünyada özünün və dostlarının müdafiəsinə hər an hazır olmalıdır”.

K.Qafarov Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinin təminatı və onların Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq  deyib: “Bu gün hər kəs bilməlidir ki, Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizlik baxımından ən böyük təminatları məhz elə onların Azərbaycan ictimaiyyətinə inteqrasiyası ola bilər. Yalnız bu yolla Qarabağın erməni sakinləri xalqı əsarətdə saxlayan, qul kimi istismar edən və hər an öz ambisiyalarına qurban verməyə hazır olan xunta rejiminin girovluğundan azad ola bilərlər. Prezident İlham Əliyev II Qarabağ savaşı başa çatdıqdan sonra ötən dövr ərzində bir neçə dəfə yüksək humanistlik nümayiş etdirərək onlara bu şansdan yararlanmaq üçün unikal imkanlar verib. Lakin bu gün qarşı tərəfdən adekvat addımların atıldığını, təəssüflər olsun ki, hələ də görə bilmirik. Separatçı rejimin hansısa perspektivlərə ümidləri, əlbəttə ki, boş və əsassızdır. Buna görə də, Qarabağın erməni əhalisi öz gələcəklərini təmin etmək üçün yalnız mövcud olan yeganə doğru yolu seçməli, Azərbaycan qanunlarına tabe olmalı və çoxmillətli, çoxkonfessiyalı dövlətimizin bütün vətəndaşlarına, o cümlədən bütün milli azlıqlara təqdim etdiyi bərabər hüquq və təhlükəsizlik təminatından istifadə etmək şansını əldən buraxmamağa çalışmalıdır”.