Xəbərlər
Şuşa Qlobal Media Forumu yenidən dünyanın diqqətində

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Qarabağın incisi olan Şuşa erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Prezident İlham Əliyevin tapşırığına əsasən, “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı iyul ayının 21-23-də Qarabağın Mədəniyyət paytaxtı olan Şuşa şəhərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. Çox böyük rezonans doğuran bu mötəbər Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumları qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Bütün bunlar beynəlxalq tədbirin müstəsna əhəmiyyətə malik olmasından xəbər verir.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə bu gün də dünyanın diqqət mərkəzindədir. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi üçün tətbiq edilən hərbi taktika variantları Azərbaycan Ordusunun yenilməz gücünə və qüdrətinə olan ehtiramın ifadəsidir. Bu qələbə dünyanın əksər dövlətlərinin hərbi ekspertlərinin təklifləri ilə qurumlar tərəfindən öyrənilməkdədir.
Forumda çıxışında ölkə başçımızın İkinci Qarabağ müharibəsinin gedişində xalqa müraciətində qürurla dediyi fikirlər ondan xəbər verir ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin və sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatmış hesab olundu. Eyni zamanda böyük fəxarətlə deyə bilərik ki, Şuşanın işğaldan azad olunması Azərbaycan xalqının və rəşadətli Ordunun cəsarətinin rəmzidir.
Prezidentimiz İlham Əliyev Forumda çıxışı zamanı qeyd etdi ki, Azərbaycan kimi ölkədə media qurumları işini olduqca yüksək səviyyədə quraraq işləməlidir ki, dövlətimiz üçün mühüm önəm daşıyan xəbərə, yaxşı və ya pis hazır olsun. Sosial media cəmiyyətin nəbzini hiss etməli və yaxın köməkçisi olmalıdır.
Respublikamız iqtisadiyyatı yüksək səviyyədə inkişaf etdiyinə görə region dövlətləri içərisində iqtisadiyyatın önündə gedir. Özünü dünyada enerji istehsalçısı kimi sübut edən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarındandır. Ölkəmiz Beynəlxalq Şərq–Qərb, Şimal–Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirib. Bütün bunların sayəsində təbii olaraq respublikamızın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib. Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib. Bu gün də ölkəmiz Cənubi Qafqaz regionunda inkişafına görə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində apardığı islahatlara görə dünya mediasının diqqət mərkəzindədir. Əminliklə deyə bilərik ki, aparılan bu siyasət davamlı olacaqdır.