YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyannaməsi xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri 

Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığının təqdimatında öz sözünü dedi. 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun, yerli media rəhbəri və nümayəndəsinin iştirak etdiyi tədbirdə ilk sualın iki qardaş ölkənin münasibətlərinə baxışla bağlı olması dünyaya bir mesaj oldu.

Dövlət başçısı İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, Prezident Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktdır: “Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Mən deyərdim ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı.”

Cənab İlham Əliyev bütün çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 44 günlük İkinci Qarabağ müharibəsi başlandığı gündən dünyaya belə bir mesajı çatdırdı ki, Azərbaycan tək deyil. Bu çağırış Azərbaycan dövlətinə, xalqına böyük güc verdi. Müharibə başa çatanadək Azərbaycana mənəvi və siyasi dəstəyini davam etdirən Rəcəb Tayyib Ərdoğan tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında iştirak etməklə bir daha bu qardaşlığın sarsılmazlığını təsdiqlədi. Həmin səfər çərçivəsində bu məqam da diqqətə çatdırıldı ki, birgə səylər nəticəsində Qarabağ və Şərqi Zəngəzur bərpa ediləcək.

Qlobal Media Forumundakı çıxışında “İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq” söyləyən dövlət başçısı İlham Əliyev onu da vurğuladı ki, həmin sənəd münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırıb. Bu, xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır. Baxmayaraq ki, bundan öncə də Azərbaycan və Türkiyə bir çox sahədə birlik, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirib. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik. Yəni, əməkdaşlığın yüksək səviyyədə olmadığı sahəni tapmaq çətindir: “Qardaşım Prezident Ərdoğanın yenidən seçiləcəyinə mənim şübhəm yox idi. Çünki onun hakimiyyətdə olduğu 20 il ərzində Türkiyə üçün etdiyi öz xalqına və ölkəsinə sadiqliyin təzahürüdür. Bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Əlbəttə, Azərbaycanda elə bir adam tapmaq çətin olar ki, seçkilərin nəticəsindən məmnun olmasın. Əlbəttə ki, növbəti beş il ərzində biz sıx tərəfdaşlığımızı davam etdirəcəyik, dünya dəyişir, regionda vəziyyət dəyişir. Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, gələcək üçün təhlükəsizlik təmin edilməlidir.”

Qlobal məsələlərdə və regionda Türkiyənin rolu çox önəmli və vacibdir. O, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir. Bu rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir. Ümumilikdə Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi qəbul edilir. Hər iki qardaş ölkə ədalətin və beynəlxalq hüququn yanındadır.

Prezident Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra Şimalı Kipr Türk Respublikasının ardınca Azərbaycana səfəri qardaşlığın ən parlaq nümunəsi oldu. Cənab İlham Əliyev Forumdakı çıxışında da diqqəti bu məqama yönəldərək bildirdi ki, Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ilk dövlət səfərini Azərbaycana edib: “Bu, ənənədir. Mən də yenidən seçilərkən ilk səfərimi Türkiyəyə etmişdim. Bundan əlavə, bildiyiniz kimi, mən Prezident Ərdoğanın inauqurasiya mərasimində iştirak etdim və orada da biz gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik. Əlbəttə, mən bütün məsələləri açıqlamaq istəməzdim, ancaq bu, məlumdur ki, qarşıdan gələn illərdə Türkiyə və Azərbaycan regionda daha önəmli rol oynayacaqdır. Əlbəttə ki, bu potensialdan istifadə edəcəyik ki, ölkələrimizi daha da yaxınlaşdıraq.”

Cənab İlham Əliyevin postmünaqişə dövründə elə bir çıxışı, müsahibəsi yoxdur ki, Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi diqqət yönəldilməsin.  Bu ondan xəbər verir ki, iki qardaş ölkə daim birgə addımlayır, hər zaman bir yerdədir, dünya onların simasında qardaşlığın əsl nümunəsini görür.