YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Forum tarixi həqiqətlərə bir daha işıq saldı

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri  

Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı iyulun 21-də keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, o cümlədən 60 yerli media rəhbəri, nümayəndəsi qatıldı.

Dövlət başçısı İlham Əliyev 3 saata yaxın aparılan müzakirələrdə Forum iştirakçılarına hazırkı dövrün əsas çağırışlarından geniş bəhs edərək yenə də diqqəti ədalətin və beynəlxalq hüququn bərpasına və bu sahədə Azərbaycan mediasının roluna  yönəltdi. “Beynəlxalq hüququn, ərazi bütövlüyümüzün bərpası, bütün bunlar fundamental hüquqlardır və biz bu hüququ döyüş meydanında qazandıq, qan tökərək, şəhidlər verərək” söyləyən ölkə Prezidenti qeyd etdi ki, üzləşdiyimiz problem dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq deyil, ümumi insani prizmadan çatdırmaq üçün birinci vasitəmiz media olmuşdur. Ona görə media nümayəndələri ilə əvvəlki, yəni işğal dövründə görüşlər əsnasında hər zaman bunu qeyd edirdim ki, daha çox beynəlxalq auditoriyaya çıxmalıyıq.

30 illik işğal zamanı ölkə Prezidentinin əsas çağırışlarından biri Dağlıq Qarabağın gündəlik işimiz olması idi. Azərbaycan həqiqətlərinin, Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda dayanan əsas vəzifələrdən idi. Bu gün də informasiya mübarizəsinin davam etdirilməsi, bu istiqamətdə səylərin artırılması əsas prioritetdir. Azərbaycanın tarixi Zəfərini həzm etməyənlər ölkəmizə qarşı əsassız təbliğatlarını davam etdirirlər. Reallıq budur ki, dünya 44 günlük İkinci Qarabağ müharibəsində xalqımızın yenilməzliyinin, məğrurluğunun, torpaqlarına sahib çıxan xalq olduğunun şahidi oldu.

Cənab İlham Əliyev Forumdakı çıxışında bu məqamı da xüsusi qeyd etdi ki, əvvəlki dövrdə daha çox biz deyirdik, biz də eşidirdik: “Sanki biz özümüz-özümüzə nəyisə sübut etməyə çalışırdıq. Bu, vacib idi. Vacib idi, məsələni gündəlikdə saxlamaq üçün, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün. Şuşanı və o vaxt işğal altında olan digər torpaqları azad edən məhz o oğullar idi ki, onların mütləq əksəriyyəti heç vaxt nə Şuşanı, nə Ağdamı, nə işğal altında olan başqa torpağı görməmişdilər. Yəni, evdəki, evlərdəki tərbiyə, məktəblərdəki tərbiyə və media tərəfindən bu məsələnin daim gündəlikdə saxlanması daxili birliyi böyük dərəcədə möhkəmləndirdi. Təbii ki, dövlət siyasəti başda olmaq şərtilə. Ancaq sonrakı mərhələdə biz daha çox beynəlxalq auditoriyaya çıxış etməyə başladıq.”

    Ümummilli Lider Heydər Əliyev Qarabağ münaqişəsinin həllində 3 vacib amili xüsusi qeyd etmişdir: dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək.

  Həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması üçün bütün imkanlardan istifadə edildi. Təbliğat real faktlara, tarixi həqiqətlərə söykənəndə daha inandırıcı və uzunömürlü olur. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bir daha tarixə müraciət edərək indiki Ermənistanın əslində Azərbaycanın tarixi torpağı olduğunu
 bildirdi.

    Ölkə Prezidenti bu tarixi həqiqətləri tədbir iştirakçılarına çatdırdı ki,  ermənilərin  kütləvi surətdə Qarabağa köçü XIX əsrin birinci yarısında başlamışdır. 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığı, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə isə Azərbaycanın digər xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları - bütün bunlar tarixən təsdiqlənir: “Yəni, onlar bu torpaqlara - Qarabağ torpağına qonaq kimi gəlmişdilər, o cümlədən Şuşaya. Onlar iddia edirdilər ki, Şuşa erməni şəhəridir. Birincisi, Şuşa şəhərinin tarixi o qədər də uzaq illərə getmir. 1752-ci ildə Pənahəli xan Şuşada şəhər salmışdır və keçən il Azərbaycanda “Şuşa İli” elan olunmuşdur. Çünki biz Şuşanın 270 illiyini qeyd edirdik. Yaradılandan işğala qədər Şuşada yaşayanların mütləq əksəriyyəti azərbaycanlılar olub.”

  “Bu gün isə biz yenə də öz həqiqətlərimizi sübut etməyə məhkumuq” söyləyən cənab İlham Əliyev bildirdi ki, çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir.  Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır.

   Forumda iştirak edən xarici media nümayəndələri də yaradılan şəraitdən məmnunluqlarını ifadə etdilər. Bildirdilər ki, burada yerli və xarici media orqanları öz fikirlərini və məlumatlarını bölüşürlər, müzakirələr aparırlar. Bu, Azərbaycan üçün önəmli bir addımdır.