YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Diplomatik uğurlarımızın davamlılığına böyük töhfə

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanır. Ölkə Prezidenti bu hədəfi açıqlayır ki, hazırda iki istiqamət prioritetdir: Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, hərbi gücümüzün artırılması. İyulun 21-də keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində   Prezident İlham Əliyev  çıxışında və tədbir iştirakçılarının  suallarını cavablandırarkən bir daha  bu məqama diqqəti yönəltdi. Bildirdi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Yəni, bu, ancaq başlanğıcdır: “Mərhələlərə bölünən bu proqramın icrasının da nə qədər çəkəcəyini demək çətindir. Çünki birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıblar - Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində.”

Təbii ki, hədəf budur: İşğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. Soydaşlarımızın gələcəkdə bu torpaqlarda yüksək səviyyədə yaşayışı üçün zəruri olan bütün işlər görülür. Azərbaycan hazırda “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə dünyanın diqqətindədir.

Cənab İlham Əliyev, eyni zamanda, qalib Prezident olmağın necə bir hiss olduğunu da tədbir iştirakçıları ilə bölüşdü.  “Bilirsiniz, mənim hiss etdiyim duyğular Azərbaycan xalqının hiss etdiyi duyğulardan heç də fərqlənmir. Sadəcə olaraq, fərq ondadır ki, mən bu yerləri, necə deyərlər, tez-tez görürəm. İnsanların əksəriyyəti bunu televiziya vasitəsilə görür. Ancaq, eyni zamanda, bildiyiniz kimi, azad edilmiş bölgələrə indi turlar da təşkil edilir və qeyd etdiyiniz kimi, vətəndaşlar da sürətlə azad edilmiş torpaqlara qayıdırlar” söyləyən dövlət başçısı onu da əlavə etdi ki, əlbəttə, ilk növbədə, qürur hissi duyuram. Çünki xalqımla, Ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil.

Cənab İlham Əliyev ermənilərin ərazilərimizdə törətdikləri dağıntılardan da tədbir iştirakçılarına bəhs etdi və bildirdi ki, hər dəfə dağıntıları görəndə özümə sual verirəm: nə üçün bizim qonşu saydığımız insanlar bu barbarlığa əl atıblar? Axı, biz onlara nə etmişdik? Özü də Birinci Qarabağ müharibəsində məğlub olan tərəf biz idik. Biz onların şəhərlərini, qəbirlərini dağıtmırdıq, ölülərinin sümüklərini çıxarmırdıq. Nə üçün bunu ediblər? Bu insanların ürəyində bizə qarşı nə qədər nifrət var idi ki, insanlığa sığmayan bu əməlləri etsinlər. Yəni, bunu bu günə qədər anlaya bilmirəm. Yəqin ki, heç vaxt normal insan bunu anlaya bilməz.

 Qürurvericidir ki, bu gün həmin dağıntıları bərpa-quruculuq işləri əvəzləyir. İki ildən artıq dövrdə bu torpaqlarda görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. İnfrastruktur yenilənir. Yeni avtomobil, dəmir yolu çəkilir, Beynəlxalq Hava limanları tikilir. Bütün bunlar Azərbaycan dövlətinin nəyə qadir olduğunu nümayiş etdirir. Eyni zamanda, dünyaya sübut edirik ki, bu torpaqların sahibi bizik.

  Cənab İlham Əliyev “Hər dəfə yeni bir inkişaf layihəsini görəndə, yaxud da ki, təməl mərasimində iştirak edəndə sanki, necə deyərlər, damarıma qan vurulur, yəni, o qədər müsbət enerji verir ki, bu müsbət mənəvi enerji insanı fiziki cəhətdən də gücləndirir. Təkcə, bax, bu bölgənin havası deyil, - mən əminəm, siz də eyni hissləri keçirirsiniz, - özümüzü Şuşada yaxşı hiss edirik, yaxud da ki, Zəngilanda, Laçında. Təkcə havaya görə deyil, daxildən gələn xoşbəxtlikdir. Xoşbəxtlik nədir, bir çoxları özünə sual verir. Amma hər dəfə bu inkişafı görəndə mən özümə deyirəm, yəqin ki, xoşbəxtlik, bax, budur” fikirləri ilə torpaq həsrətinə son qoyulmasının, bu ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasının doğurduğu xoşbəxtlik hisslərini bölüşdü.

30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli də qoyulub.  Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qaytarılması nəzərdə tutulub. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi planlaşdırılıb. Cənab İlham Əliyev bu hədəfi də açıqladı ki, Şuşa şəhərinə gələn il ilk sakinlər gələcək, yerləşəcəklər. O da qeyd edildi ki, otuz il ərzində mənəvi və fiziki əzablar çəkmiş insanlar ən yaxşı şəraitlə təmin olunacaq. Buna doğru gedirik və gedəcəyik.

Göründüyü kimi, Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliği üçün mühüm platforma oldu. Belə tədbirlərin müntəzəm keçirilməsi diplomatik uğurlarımızın davamlılığına öz töhfəsini verəcək.