YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkə iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin təmin edilməsi əsas vəzifədir

Emin Bağırov

ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

Son illər qlobal iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, cari ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək artım templəri nəzərə çarpıb. Belə ki, altı ayda Azərbaycanın dövlət büdcəsinin qeyri–neft–qaz sektoru üzrə daxilolmaları 8 milyard 831,2 milyon manata çatıb. Başqa sözlə, hesabat dövründə büdcə daxilolmalarında qeyri–neft–qaz sektorunun payı 57 faiz təşkil edib. Sənaye zonalarında da dinamik inkişaf diqqət çəkib, sənaye potensialı maksimum reallaşıb. Yəni, zəruri xammalın və enerji resurslarının fasiləsiz təmin olunması nəticəsində bir sıra dövlət və özəl müəssisələri tam istehsal gücü ilə işləyib. Bütün bunlarla bərabər, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti–bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin birinci yarısında əvvəlki aylarla müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil olub.  Əldə edilən bütün sosial-iqtisadi uğurlar isə iqtisadiyyatın dinamik inkişafı, islahatların ardıcıl xarakter daşıması ilə bağlı olub. Hazırda ölkə iqtisadiyyatının dayanıqlılığının şaxələndirilməsi və rəqabət qabiliyyətinin təmin edilməsi qarşıya əsas vəzifə kimi qoyulub. Bu məqsədlə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, institusional islahatların aparılması, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətlərində bir sıra mühüm qərarlar qəbul edilib. Bütün bunların sayəsində Azərbaycan son illər dünyanın ən sürətlə və dayanıqlı inkişaf edən ölkəsinə çevrilib. İnflyasiya ilə bağlı danışarkən isə onu deyə bilərəm ki, Prezident İlham Əliyev iqtisadi sahədə əldə edilən uğurlardan danışarkən, bu məsələnin iki aspektdə–iqtisadi artım və qeyri–neft iqtisadiyyatının artımı istiqamətlərində təhlil olunmasının zəruriliyini xatırladıb. Eyni zamanda, hər iki xətt üzrə yüksək nəticələr əldə edildiyini vurğulayıb. Ölkə rəhbəri çıxışlarının birində bu cür nəticələrin real həyatda da özünü qabarıq büruzə verdiyini söyləyib. Dövlətimizin başçısı sözlərinə əlavə edərək bunun  maaşları, pensiyaları artırmağa imkan verdiyini xatırladıb. “Düzdür, inflyasiya bu artımın bir hissəsini, necə deyərlər, yeyir… Amma bu, dünyada ümumi tendensiyadır. Hətta inflyasiya bəlkə 0-0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq”. Yeri gəlmişkən, hazırda illik inflyasiyasının 12 faizə enməsi, tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin aşağı düşməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyədə qeydə alınması, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, eləcə də pul siyasəti qərarları ilə illik inflyasiya tempinin azalması müşahidə olunur.  Qlobal maliyyə sistemində sabitliyin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessiya təhlükəsinin mövcudluğu və geosiyasi gərginlik müxtəlif kanallarla ölkəmizin inflyasiya proseslərinə təsir potensialını saxlayır. İdxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8,3 faiz olacağı proqnozu da dəyişməz qalır.