YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadi layihələrin miqyası bütün ölkəni əhatə edir

“İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanın tarixi Zəfərindən sonra bütün sahələr daha da yeniləşərək, təkmilləşərək davamlı uğurlara imza atdığı əsaslı şəkildə diqqətə çatdırıldı.  Nəzərə alsaq ki, iki ildən çoxdur əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışıdıdır, cənab İlham Əliyev bu istiqamətdə görülən sistemli işlərdən böyük qürurla bəhs etdi. Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi günümüzün reallıqlarında özünün təsdiqini tapır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu sahədə görüləcək işlər daim diqqət mərkəzində saxlanılır. Ölkə Prezidentinin gündəlik fəaliyyətində bu məsələ birinci yerdə dayanır. Hökumət üzvləri və digər rəsmi şəxslər müntəzəm olaraq azad edilmiş bölgələrə ezam olunurlar. Bütün işlər planlı şəkildə görülür. İşğaldan azad edilmiş ərazilərdə ən yüksək standartlar tətbiq edilir. Cənab İlham Əliyev bu hədəfi də açıqladı ki, bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Azərbaycan sıfırdan başlanan hər bir işi öz daxili imkanları hesabına görür. İşğaldan azad edilmiş bütün torpaqlarda infrastruktur layihələri uğurla həyata keçirilir. Bu ərazilərdə erməni vəhşiliklərinə şahidlik edən dağıdılmış tarixi və dini abidələrimizin bərpasında Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Fond ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir. Müşavirədə bu mühüm məqam da xüsusi vurğulandı ki, gələn ilin investisiya proqramı hazırlananda Qarabağın və Şərqi Zəngəzurun investisiya xərclərinə baxılacaq. Maliyyə qıtlığı ucbatından vaxt itirməyə imkan verilməyəcək. Reallıq budur ki, maliyyə imkanlarımız daha da genişlənir.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, hazırkı dövrdə əsas istiqamətlər işğaldan azad edilmiş ərazilərin bərpası, soydaşlarımızın qayıdışının təmin edilməsi və hərbi gücümüzün artırılmasıdır: “Bu prioritetlər dövlət büdcəsinə əlavələrdə də öz əksini tapır. Belə ki, cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox idi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi təcili həllini gözləyən məsələlərin daha tez zamanda həll edilməsi üçün büdcəyə əlavələr edilməsinə imkan yaratdı.  Bu gün büdcəmiz 36 milyard manatdan çoxdur. Büdcəyə əlavə edilən 3 milyard manatdan çox vəsaitin 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə istiqamətləndirildi.

Əliabbas Salahzadə vurğulayıb ki, 30 illik işğal zamanı torpaqlarımız tamamilə dağıdılıb, bütün tikililər yerlə-yeksan edilib. Qısa zamanda bu ərazilərin bərpası istiqamətində atılan addımlar Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanlarının nümayiş etdirir: “Görülən işlər, həmçinin Azərbaycan xalqının qurucu xalq, torpaqlarına sahib çıxaraq tez bir zamanda dirçəlməsində maraqlı olduğunu təsdiqləyir. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər beş yaşayış məntəqəsində - bir şəhər və dörd kənddə vətəndaşların tam məskunlaşması nəzərdə tutulur.”

Millət vəkili qeyd edib ki, digər mühüm çağırış hərbi gücümüzün artırılmasıdır: “Müzəffər Ali Baş Komandan müşavirədə bu çağırışı səsləndirdi ki, Azərbaycan xalqı təhlükəsizliyimizin etibarlı əllərdə olmasına əmin ola bilərlər. Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb. Azərbaycan öz Silahlı Qüvvələrini ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıdır. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən elə güc yaradılır ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Ölkəmizin sülh danışıqları ilə bağlı mövqeyi aydındır,  beynəlxalq hüquqa əsaslanır. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, sülh anlaşmasına daha da yaxınlaşaq.”

Əliabbas Salahzadə onu da əlavə edib ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan bu möhtəşəm işlər, hərbi gücümüzün artırılması iqtisadi imkanlarımızın təqdimtıdır: “Tezliklə işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri başa çatacaq, soydaşlarımız bu torpaqlara tam şəkildə qayıdışları ilə onlara yeni nəfəs verəcək, malik olduqları resurslardan səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı inkişafını daha da möhkəmləndirəcəklər. Tarixi Zəfərimizin yeni reallıqları fonunda sülh müqaviləsinin imzalanmasına nail olmaqla bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi ilə yeni yaradılacaq əməkdaşlıq formatları iqtisadi inkişafa töhfələr verəcək. Cənab İlham Əliyev cari ilin ötən dövrünün uğurları sırasında bu günlərdə “Abşeron” qaz-kondensat yatağından ilk qazın çıxarılmasını da xüsusi qeyd etdi. Belə bir əminlik ifadə edildi ki, bundan sonra qaz ixrac planlarımız daha tez bir zamanda və böyük həcmdə təmin ediləcək.”