YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Reallıqlar Azərbaycanın qüdrətini təsdiqləyir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün Azərbaycanın hərbi gücü artır, Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir və eyni zamanda Azərbaycanda sabitlik, təhlükəsizlik höküm sürür.

Qürur hissi ilə deyə bilərik ki, indi Böyük Qayıdışın nəticəsi olaraq işğaldan azad olunmuş rayonlarımız dirçəlməkdədir. Artıq ölkə Prezidenti İlham Əliyevin müvafiq tapşırıqları əsasında işğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat yolları, sənaye parkları, digər infrastrukturlar inşa edilib və bu proses bu gün də uğurla davam etməkdədir.

Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas, ən vacib prioritet məsələ işğaldan azad edilmiş ərazilərimizin qısa zamanda bərpa edilməsi və 30 il ərzində ata-baba torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın öz doğma yurd yuvalarına qayıtmasıdır. 

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirildi. Müşavirədə çıxış edən Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işlərindən ətraflı bəhs edərək bildirdi ki, bizim büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi: “Birinci istiqamətlə əlaqədar deyə bilərəm ki, hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. ”

Həmçinin qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu, nəqliyyat qovşağlarının bərpası və digər sosial yönümlü layihələrin icrası uğurla və çox surətlə davam etdirilir. Bütün sadalanan bu amillər Azərbaycanın nə qədər güclü və qüdrətli bir dövlət olduğunu bir daha sübuta yetirmiş olur.

Azərbaycan yalnız öz iqtisadi resursları hesabına, heç bir Beynəlxalq təşkilatdan kömək almadan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların doğma torpaqlarına geri qayıtması və respublikamızın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayır. Azərbaycan regionlarda olduğu kimi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də yeni şəhərsalma təcrübəsini nümayiş etdirir. Laçın şəhərinin timsalında bunu aydın şəkildə görürük.