YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji sektorunda mühüm hadisə

SOCAR tərəfdaşları ilə birlikdə  Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək

Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəsi ölkəmizin iqtisadi imkanlarının artmasında stimulverici amildir. Əməkdaşlığın regional çərçivədən başlayıb illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas alması, neft ölkəsi kimi tanınan Azərbaycanın qısa zamanda qaz və elektrik enerjisi ixracatçısına çevrilməsi dövlətimizin uğurlu iqtisadi siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin  gərgin səyləri nəticəsində imzalanan  “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. 2017-ci ildə  “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ildə  çoxtərəfli əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirilən  Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyun ayında TANAP-ın, 2020-ci ilin sonunda TAP-ın istifadəyə verilməsi deyilənlərə bariz nümunədir. Azərbaycanın malik olduğu neft və qaz ehtiyatları  hər bir layihənin icrasının uğurlu sonluqla başa çatdırılmasına geniş imkanlar açır. Bu gün Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin qurulmasında enerji amili mühüm rol oynayır. Ölkəmizin dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatında rolu günbəgün artır.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, iyulun 10-da Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılması ölkəmizin enerji sektorunda mühüm hadisədir. Bu mərhələ sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İlkin Hasilat Sxemi  mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Hasilat olunacaq qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur. JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və “TotalEnergies” hər biri 50 faiz  paya malikdir.

Baş redaktor diqqəti bu mühüm məqama  yönəldib ki, Prezident İlham Əliyev 2020-ci ilin  19 sentyabrında Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edərək  Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real televiziyasına müsahibəsində   ölkəmizin neft-qaz sektorunun inkişafında növbəti mühüm hadisəni belə dəyərləndirmişdir ki,  faktiki olaraq “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır. Belə bir əminlik ifadə edilmişdir ki,  Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə və  addıma imza atacaq.

Yatağın tarixinə qısa nəzər salan Vüqar Rəhimzadə bildirib ki, ilk dəfə “Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdır. “Abşeron” yatağı ilə əlaqədar böyük ümidlər olub. “Abşeron” yatağı üzrə kontrakt “Şahdəniz” qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanıb. Bu,  Azərbaycanın  artıq neft ölkəsindən qaz ölkəsinə keçidinin təsdiqidir. “Abşeron” yatağında  350-360 milyard kubmetr qaz ehtiyatı vardır. Prezident İlham Əliyev bu ehtiyatın daha çox ola biləcəyini, Azərbaycanın bundan sonra da etibarlı qaz təchizatçısı kimi nüfuz qazanacağını   bildirmişdir.

Baş redaktor “Abşeron” yatağının Azərbaycana, ölkə iqtisadiyyatına qazandıracağı iqtisadi dvidenddən geniş bəhs edərək onu da vurğulayıb ki,  Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İlkin Hasilat Sxemi  layihəsinin qəbul platformasının idarəetməsi Neft Daşlarında yerləşən Mərkəzi İdarəetmə Otağından həyata keçirilir. SOCAR etibarlı tərəfdaşları ilə birlikdə ölkəmizin böyük enerji potensialının reallaşdırılması və Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.

Vüqar Rəhimzadə, həmçinin  qeyd edib ki, Azərbaycanın qaz ixracatçısı kimi mövqeyi günbəgün möhkəmlənir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi  ilə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artdı. İllər keçdikcə gündəmə gətirilən hər bir layihə Azərbaycanın bu mövqeyini daha da möhkəmləndirir.  Ölkəmiz arzuolunan, etibarlı tərəfdaş kimi qəbul edilir. Ümumilikdə ölkəmizin ikitərəfli, eyni zamanda, çoxtərəfli əməkdaşlığında enerji əsas faktordur. Azərbaycan təbii qazını dünya bazarlarına çıxarır. Həcm artır, coğrafiya genişlənir. Azərbaycanın qaz gəlirlərinin neft gəlirlərini üstələməsi artıq  reallıqdır. Təkcə cari ilin ötən dövrünün statistikasına nəzər salsaq görərik ki, bu müddətdə “Şahdəniz”dən gələn mənfəət qazından ödənilən vergi həcminə görə büdcədə qaz gəlirləri neft gəlirlərindən 1 milyard ABŞ dolları çox olub.

Baş redaktor diqqəti bu günlərdə ölkəmizdə səfərdə olan Albaniya Prezidenti Bayram Beqay ilə keçirilən görüşlərdə də dövlət başçısı İlham Əliyevin Azərbaycanın qaz ixracatçısı kimi artan nüfuzundan bəhs etməsinə yönəldib. Bildirib ki, həmin görüşlərdə belə bir əminlik ifadə edildi ki, bu ilin sonunadək biz Avropa İttifaqına üzv olan daha çox sayda ölkələrin Azərbaycandan təbii qazı alacağını gözləyirik.