YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam və etimad göstəricisi...

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatına rəhbərliyi yüksək beynəlxalq etimadın nəticəsidir. Ölkəmizin sədrlik müddəti Hərəkatın tarixində yadda qalan dövr olmuş və Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycanın sədrlik müddəti daha bir il uzadılmışdır. Bu müddət ərzində ölkəmiz prinsipial mövqe nümayiş etdirmiş və “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorumuşdur.

İyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin Hərəkata uğurlu sədrlik fəaliyyətindən bəhs edərək görülmüş işlərdən danışdı. Prezident İlham Əliyev xatırlatdı ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir.

Ölkəmizin sədrliyi müddətində Qoşulmama Hərəkatı institusional inkişaf mərhələsi keçmişdir. Belə ki, 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır.

Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq postpandemiya dövrü haqqında düşünmüş və bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil edilmişdir. Azərbaycanın sədrliyinin digər prioriteti isə ehtiyacı olan ölkələrə yardım göstərmək  olmuşdur. Belə ki, Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Azərbaycan, həmçinin beş ölkəni peyvəndlə təmin edib. Bütün bunlardan əlavə, Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan edib. Ölkəmiz ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırıb.

Prezident İlham Əliyev öz çıxışı ilə Qoşulmama Hərəkatı qarşısnda bir sıra mühüm vəzifələr də müəyyənləşdirmiş oldu. Belə ki, multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Hərəkat “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, habelə suverenliyin, ərazi bütövlüyünün pozulması və ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsini ucaltmalıdır.

Çıxışında hazırda beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin bəşəriyyətin gözləntilərinə cavab vermədiyini vurğulayan Prezident İlham Əliyev BMT-də ciddi islahatların aparılmasının qaçılmaz olduğunu bildirdi. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Təhlükəsizlik Şurasında daha çox ölkə təmsil olunmalı və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibi genişləndirilməlidir. BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.

Prezident İlham Əliyev öz çıxışında xüsusilə qeyd etdi ki, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. Neokolonializm meyillərinin artması olduqca narahatedici məqamdır və neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi.

Prezident İlham Əliyev bildirdi ki, Fransa erməni separatizmini dəstəkləyir. Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da mənfur təcrübəni tətbiq etməyə çalışır. Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Fransa XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə və özünün dənizaşırı ərazilərində - Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirmiş və bununla da qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq problemlərinə səbəb olmuşdur. Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır. Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində narahatedici meyillərlə mübarizə aparmalıdır.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinə də diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, Ermənistan hələ də hərbi cinayət və təxribatlardan əl çəkmək istəmir. Bu əsasda danışakən Prezident İlham Əliyev  Ermənistana növbəti dəfə ciddi xəbərdarlıqlar da etdi.