YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın bugünkü uğurlarının möhkəm təməli yaradıldı

Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri

Fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir. Azərbaycanın bugünkü reallıqlarını düzgün dəyərləndirmək, kimə borclu olduğumuzu gənc nəslə çatdırmaq üçün keçilən yolun təhlili daim bir zərurət kimi qarşıda dayanır. Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqilliyinə yenidən qovuşsa da xalqımız bu sevinci Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra yaşamağa başladı.  Belə ki, 1993-cü ilin  may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. Ümummilli Lider qayıdışı ilə Azərbaycanın bugünkü reallıqlarının möhkəm təməlini formalaşdırdı.

1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.  24 iyun 1993-cü il tarixdə parlamentin iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı.

Ümummilli Lider  ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir. Ölkədə ictimai-siyasi sabitliyin yaradılmasını bütün inkişafın əsası kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik, eyni zamanda, böyük investisiyalar məkanına çevrildi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bu gününə və sabahına inamı artırdı. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atıldı.

Dahi şəxsiyyətin hər bir qərarının, irəli sürdüyü hər bir təşəbbüsünün əsasında torpaq, Vətən sevgisi, xalqına, dövlətinə bağlılığı dayanırdı. Ümummilli Lider  Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına uyğunlaşdırılmasına müvəffəq olmuşdur. Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. O, Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Qarabağ  münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur. Münaqişənin həllində yaradılan möhkəm hüquqi baza 44 günlük İkinci Qarabağ müharibəsində qalibiyyətimizdə öz sözünü dedi. Ümummilli Liderin düşünülmüş siyasəti nəticəsində dayanıqlı iqtisadi inkişafın təmin edilməsi ordu quruculuğu sahəsində mühüm addımları şərtləndirdi ki, məhz görülən işlərin nəticəsi olaraq bu gün Azərbaycan Ordusu dünyanın ən qabaqcıl 50 orduları sırasında qərarlaşıb.

Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən daim 2003-cü ildə xalqa tarixi müraciəti xüsusi qeyd edilir. Bu müraciət Azərbaycanın hazırkı uğurlarının, qalibiyyətə gedən yolunun əsası oldu. 2003-cü ildən başlanan Böyük Yolun davamı Azərbaycanın adını çoxəsrlik tariximizə qalib ölkə kimi yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 illik işğala 44 gündə son qoydu, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. İki ildən artıqdır ki, azad edilmiş torpaqlarımızda erməni vəhşiliklərinin  göstəricisi olan dağıntıları bərpa-quruculuq işləri əvəz edir. Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir. Tezliklə Böyük Qayıdış proqramının icrası başa çatacaq, soydaşlarımız bu torpaqlara tam şəkildə qayıdaraq onlara yeni nəfəs verəcək. Dövlət başçısı İlham Əliyev təkmil islahatları, yeniliyə əsaslanan siyasəti ilə Azərbaycanı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi qalib Azərbaycan kimi dünyaya təqdim etdi.