YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngin mənəvi xəzinə

“Milli dövlətçilik tariximiz bir sıra mühüm hadisələr və əlamətdar günlərlə  zəngindir. Həmin hadisələr xalqın gələcək taleyinin müəyyənləşməsində müstəsna rol oynayıb. Təbii ki, burada lider amili mühüm faktor kimi xarakterizə olunur. Müasir Azərbaycanın intibahı və tərəqqisi də məhz belə bir LİDER, böyük siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Bu il xalqımız və bütün dünya azərbaycanlıları üçün çox əlamətdar bir ildir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi Azərbaycanlı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi həm respublikamızın bütün guşələrində, həm də dünyanın bir çox ölkələrində  böyük təntənə ilə qeyd olunur”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Ulu Öndərimizin doğma Azərbaycanımız üçün misilsiz xidmətlərinin miqyası kifayət qədər böyükdür. Ona görə də, bütün dünya azərbaycanlıları Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük coşğu ilə qeyd edir.

Millət vəkilinin sözlərinə görə, respublikamızda hər bir sahənin inkişafı  Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu baxımdan, Onun mədəniyyətə, ədəbiyyata, incəsənətə qayğısı da xüsusi olaraq vurğulanmalıdır. Heydər Əliyev həmişə ziyalıları, ədəbiyyat və incəsənət adamlarını qoruyub, onların fəaliyyətinə, yaradıcılığına həssaslıqla yanaşıb. Heydər Əliyev yaradıcı şəxsiyyətlərin, tanınmış elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsində, repressiya qurbanlarına bəraət verilməsində böyük işlər görmüşdür. Azərbaycan ədəbiyyatı və mədəniyyətinə saysız-hesabsız əvəzsiz xidmətləri Ümummilli Lider Heydər Əliyevin Vətənə, xalqa, onun mənəvi sərvətinə böyük qayğısının təcəssümü idi. Ədəbiyyata bağlılıq onun çıxışlarında  da açıq-aydın duyulurdu. Heydər Əliyevin gözəl natiqlik məharətinə, güclü yaddaşa sahib olması da onun ədəbiyyata bağlılığından qaynaqlanırdı. Müdrik siyasətçi ədəbi və tarixi prosesləri, müxtəlif problem və məsələləri şərh edərkən nitqindəki orijinallıq, sadəlik, səmimilik, aydınlıq, təsirlilik, təmizlik, söz və fikir dəqiqliyi onun məntiqli natiq olduğunu təsdiqləyirdi. Çıxışlarında, müsahibələrində bəzən gətirdiyi ədəbi nümunələr onun ədəbiyyatımıza, mədəniyyətimizə sonsuz sevgisinin göstəricisi idi. Ulu Öndərimiz klassiklərimiz haqqında da dəyərli fikirlər söyləyib. Məəslən, onun dahi şairlərimiz Nizami və Füzuli haqqında dediklərini xatırlayaq: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq”.

Müasir dövrümüzün yaradıcı insanları, elm xadimləri, bütövlükdə ziyalılarımız Azərbaycanın inkişaf və tərəqqisinə böyük töhfələr veriblər. Ulu Öndərimiz həmin insanların rolunu çox yüksək dəyərləndirirdi. Ümummilli Liderimizin bu barədə fikirlərinə diqqət yetirək: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər”.

Pərvin Kərimzadə qeyd edib ki, Ulu Öndərimiz hər zaman yaradıcı insanların yubileylərinin qeyd olunması haqqında qərar verir, imkan daxilində həmin tədbirlərdə iştirak edərdi. Həmin tədbirlərdən birinə nəzər yetirək. 1997-ci il oktyaberın 17-də Müslüm Maqomayevin yaradıcılıq gecəsində Ulu Öndərimiz həmin sənət adamının yaradıcılığını belə qiymətləndirirdi: “Müslüm Maqomayev nadir və bənzərsiz müğənnidir, Allah vergisidir, ancaq eyni zamanda özünün gərgin, yorulmaq bilməyən zəhməti ilə cilalanmış istedaddır. Onu fərqləndirən bir cəhət də istedadının çoxşaxəli olmasıdır. Onun gözəl səsi, əla ifa texnikası var. O, gözəl oxuyur, musiqi alətlərində gözəl çalır, çoxlu gözəl mahnılar bəstələyib. Gözəl şəkil çəkməsinə, heykəltəraşlıq istedadına gəldikdə, bu da məlumdur. Görün, bir insanda nə qədər çoxşaxəli, böyük istedad cəmləşibdir. Sevinirik ki, bizim Azərbaycanın belə övladı, Azərbaycan musiqisinin, Azərbaycan incəsənətinin belə layiqli nümayəndəsi var və indiyədək olduğu və getdiyi bütün dünya ölkələrində özünü və bizim mədəniyyətimizi, musiqimizi və xalqımızı şöhrətləndirir”.

“Bir sözlə, Ulu Öndər Heydər Əliyev xalqımızın ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərinin qorunması istiqamətində gördüyü nəhəng fəaliyyəti ilə gələcək nəsillərə zəngin mənəvi xəzinə bəxş edib. Bütün həyatını millətinə, dövlətinə həsr etmiş Heydər Əliyev xalqın yaddaşında silinməz izlər qoyub, insanların qəlbində özünə əbədi abidə ucaldıb”,-deyə millət vəkili vurğulayıb.