Xəbərlər
Gələcək nəsillər üçün böyük örnək

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin yaradıcılığı ədəbiyyat tariximizin əvəzsiz nümunələrindən biridir. Ulu Öndər Heydər Əliyev unudulmaz dramaturqun zəngin yaradıcılığını belə dəyərləndirmişdi: “Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil etməkdən ibarət olubdur. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır.” Ümummilli Lider, eyni zamanda, bildirirdi ki, Azərbaycan xalqı Hüseyn Cavidi çox yüksək qiymətləndirir və onun irsi əsrlər boyu yaşayacaq. Onun iradəsi, onun milliliyi və yaradıcılığının özünəməxsus xüsusiyyətləri gələcək nəsillər üçün də böyük örnək olacaq.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Azərbaycanın taleyi Heydər Əliyevin taleyi ilə əbədi olaraq bağlandı” məqaləsində qeyd edildiyi kimi, Hüseyn Cavidi uzaq soyuq Sibirdən vətəninə qaytaranda, dahi həmvətənlərinin xatirəsini əbədiləşdirmək üçün bir-birindən əhəmiyyətli tarixi-mədəni layihələri reallaşdıranda, yüzlərlə gənci keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə oxumağa göndərəndə, mənəvi irsimizin qorunması, təbliği ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayanda o, bizlərə “Bu Vətən sənin, mənim, hamımızındır” kəlmələrinin əsl mahiyyətini anladan həyat dərsi keçirdi. Məqalədə bu fikir də xüsusi qeyd edilir ki, məhz Heydər Əliyevin həyat və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların arzuların reallaşması insan fenomeninin gücünə mümkündür.
Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Liderin hələ hakimiyyətinin birinci dövründə keçmiş İttifaqın digər respublikalarında rejimin əleyhinə çıxan ayrı-ayrı elm və mədəniyyət xadimlərinin təqibə məruz qaldığı, sıxışdırıldığı bir vaxtda Azərbaycanda ziyalılara yaradıcılıq üçün, fikirlərini azad ifadə etmək, cəmiyyətdə, mədəniyyətdə baş verən prosesləri öz düşündükləri kimi yazmaq, əslində isə milli-mənəvi dəyərlərin təsdiq olunmasına aparan yolların axtarılması üçün şərait yaradılmışdı. Bu da şairlərə, yazıçılara, incənət xadimlərinə milli ruhda, milli tarixə və mədəniyyətə uyğun əsərlər yaratmağa imkan verirdi.
Totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin adı doğma xalqının təfəkküründə obrazlaşıb. Ağır repressiya illərində mənən sarsılmadan keçdiyi ibrətamiz həyat yolu onu yaddaşlarda sənətkar şəxsiyyətinin bütövlüyünün rəmzinə çevirib. Mütəfəkkir şair Hüseyn Cavidin nəşinin Vətənə gətirilməsi və yaşadığı mənzildə ev- muzeyinin açılması Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və ardıcıl səyləri ilə gerçəkləşmişdi. Muzeyinin açılışı 2002-ci ildə şairin anadan olmasının 120-ci ildönümündə oldu.
Ötən il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 ili tamam oldu. Prezident İlham Əliyevin “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamında vurğulandığı kimi, Hüseyn Cavid sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə, mənən sarsılmayaraq şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qorumuşdur. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması adı sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş sənətkarın və 1930-cu illərdə repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir. Böyük söz ustası Hüseyn Cavidin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna rolu vardı. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olub.