YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dəstək davam edəcəkdir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Azərbaycan-Pakistan hər zaman bir-birinə qarşılıqlı dəstək verib, həm xoş, həm  də ağır günlərdə bir birinin yanında olublar. Azərbaycan Pakistanı Kəşmir məsələsində, Pakistan da Azərbaycanı Qarabağ məsələsində hər zaman dəstəkləyib. Pakistan Qarabağın işğal edilməsini beynəlxalq səviyyədə pisləmiş, açıq formada Azərbaycanın geosiyasi və strateji maraqlarını müdafiə etmişdir. Rəsmi İslamabad Ermənistanı indiyə qədər süveren dövlət kimi tanımır.

Azərbaycanın dövlət müstəqilliyini  Pakistan 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əməkdaşlığın başlanğıcı 1992-ci ilə təsadüf edir. Pakistanın Azərbaycanda səfirliyi 1993-cü ildə, Pakistanda Azərbaycanın daimi nümayəndəliyi isə 1997-ci ildə  təsis edilmişdir.

1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın istək, arzu və təkidli tələbi ilə yenidən Azərbaycana rəhbərliyə qayıtması ilə Azərbaycan və Pakistan  arasında qarşılıqlı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. 1996-cı ildə Heydər Əliyevin Pakistana rəsmi səfəri çərçivəsində 9 mühüm sənəd imzalanmışdır.

Bu gün Azərbaycan və Pakistan arasında siyasi münasibətlər və sıx əlaqələr xalqlarımız arasında dostluq münasibətləri ən yüksək səviyyədədir.

İyunun 15-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək, sonra geniş tərkibli görüşləri olub. Daha sonra dövlət başçılarının iştirakı ilə sənədlərin imzalanma mərasimini baş tutub. Mərasimdən sonra Liderlər mətbuata bəyanatla çıxış ediblər.

Prezident İlham Əliyev bəyanatında Pakistan və Azərbaycan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulduğunu vurğuladı. Dövlət başçımız işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana güclü dəstək verdiyinə görə minnətdarlığını bildirdi.

Məlum olduğu kimi, 200 milyonluq Pakistan xalqı 2016-cı ilin aprel döyüşləri zamanı və daha sonra 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın yanında olduğunu nümayiş etdirmişdir. Dövlətimizin başçısı öz nitqində bir nümunə ilə bu iki ölkə arasındakı münasibətlərin dəyərini belə ifadə etmişdir: “Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olublar. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərlərinin fikirlərini bölüşürlər və Bakının müxtəlif yerlərində Pakistanın bayrağını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır”.

Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəklədiyini xatırladan Prezident İlham Əliyev qeyd edib ki, bu dəstək davam edəcəkdir.

Dövlət başçımız çıxışında Pakistanın Baş Naziri Məhəmməd Şahbaz Şərif ilə görüşdə müzakirə olunan məsələlərə və gələcək planlara toxunaraq qeyd etdi ki, Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir.

Cənab Prezident çıxışında iki ölkə arasında ticarətin həcmini artırmaq üçün daha ciddi səylər göstərmək, bu istiqamətdə anlaşma memorandumunu imzalamaq, eyni zamanda şəhərlərimiz arasında uçuşların sayını artırılması barədə razılıq əldə olunduğunu vurğuladı. Prezident İlham Əliyev enerji sahəsində, istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində böyük perspektivlər olduğunu bildirdi.

Təhsil sahəsində də böyük potensial olduğunu qeyd edən dövlət başçımız Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil aldığını və  daha çox pakistanlı qardaşlarımızı Azərbaycanda görmək istəyini diqqətə çatdırdı.

Azərbaycanla Pakistan arasında mövcud dostluq, qardaşlıq əlaqələri möhkəm təməl üzərində qurulmuşdur və əminliklə demək olar ki, hər zaman yüksək səviyyədə olan Pakistan-Azərbaycan münasibətləri bu rəsmi səfərdən sonra  yeni mərhələyə qədər qoyacaq.