YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümumbəşər mədəniyyətinə böyük töhfələr

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri 

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, biz Nəsimini dünyaya tanıtmaqla Azərbaycanı yenidən tanıtdıq.

Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb.  Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görüb. Şairin əsərləri ölkə  Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"  Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilib. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılıb.

2019-cu ilin dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Nəsimi İli” elan edilməsi Nəsimi yaradıcılığının öyrənilməsində əhəmiyyətli rol oynadı. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq atılan bu mühüm addım ədəbi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Bu mühüm məqamı da xüsusi qeyd etməlik ki, Nəsimi ana dilimizi yüksək zirvələrə qaldırıb. Yubiley ilində Nəsimi yaradıcılığına həsr olunan neçə-neçə monoqrafiyanın hazırlanması şairin yaradıcılığının xalqımıza təqdimatı oldu.

Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Müxtəlif dillərdə təqdim edilən şeirlər sənətkarın yaradıcılığının bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərdiyini əyani şəkildə sübut edir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək mütəfəkki şairin ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.