YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədəniyyətimizin ayrılmaz hissəsi

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycanın, eləcə də Şərq opera sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyov ümumi mədəniyyətə və xalqının tərəqqisinə töhfələr vermiş şəxsiyyətlərdəndir. Bir əsrdən çox vaxt ərzində səslənən Üzeyir musiqisi Azərbaycan xalqının canına, qanına hoparaq onun bədii mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir.

Sənətdə, musiqi mədəniyyətində millilik və beynəlmiləlçilik anlayışını Üzeyir Hacıbəyov Qərb və Şərqin, milli və dünya mədəniyyətlərinin nailiyyətlərinin üzvü sintezi kimi təqdim edirdi. Azərbaycan musiqisinin gələcək yolu da məhz dahi bəstəkarın irəli sürdüyü, əsasını qoyduğu yol oldu. Bu gün Azərbaycan musiqisinin beynəlmiləl əhəmiyyət kəsb etməsində Üzeyir Hacıbəyovun   yaradıcılığının və şəxsiyyətinin böyük rolu vardır.

Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi, milli musiqi sahəsinə münasibətdə də ciddi dönüş oldu. Bu dönüşün müəllifi Ümummilli Liderimiz Heydər Əliyev olmuşdur.

Azərbaycan mədəniyyətinin yorulmaz himayədarı olan Ümummilli Lider Heydər Əliyevin musiqi mədəniyyətimizin sütunu, dünya şöhrətli dahi bəstəkar Üzeyir Hacıbəyova xüsusi sevgisi və rəğbəti vardı.

Ulu Öndərin Fərmanı ilə 1995-ci ildə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.

Üzeyir Hacıbəyov şəxsiyyətinə və  yaradıcılığına böyük dəyər verən Ulu Öndər Heydər Əliyev dahi bəstəkarın anadan olmasının 110 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində deyirdi:  "Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur”.

Ulu Öndərin, Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş tədbirdəki məruzəsi bu gün də yaddaşlarda yaşayır. O, dahi şəxsiyyətin həm publisistikasından, həm dramaturgiyasından, həm pedaqoji fəaliyyətindən, həm alimlik məharətindən, həm Azərbaycan ictimai-siyasi həyatındakı xidmətlərindən, həm də ictimai xadim kimi gördüyü işlərdən dolğun məlumat verərək, dinləyiciləri valeh etmişdi. Ümummilli Lider Heydər Əliyev həmçinin dahi bəstəkarın operalarından, operettalarından, digər musiqi əsərlərindən, onun üç hakimiyyətin - çar Rusiyası, Azərbaycan Demokrat Respublikası və sovetlər dövründə yaşadığını qeyd etmiş, onun vətənpərvərliyini xüsusi vurğulamışdır: "Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəyovun xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artırmalıyıq”.

“Azərbaycan tarixi mədəniyyət, elm, ədəbiyyat, memarlıq sahəsində çox zəngindir. Bunların içərisində ən görkəmli yer tutan, dünyada məşhurlaşmış, dünyanm hər yerinə yayılmış musiqi əsərlərini yaradan və Azərbaycanın çoxəsrlik musiqisini sistemləşdirən, formalaşdıran və dünyaya təqdim edən Üzeyir Hacıbəyov olmuşdur” deyən Ümummilli Lider Heydər Əliyev Üzeyir bəy fenomenini qiymətləndirə bilən dövlət xadimi idi.

Musiqi mədəniyyətimizdə silinməz iz qoyan dahi bəstəkar Üzeyir bəy və Azərbaycan mədəniyyətini və incəsənətini dərindən bilən, inkişafına çalışan Ulu Öndər Heydər Əliyev xalqımızın mənəviyyatında və ruhunda əbədi yaşayacaqdır.