YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədəniyyətin tərəqqisinə stimul

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri         

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir şəxsiyyətlərdən biridir. Bu dahi şəxsiyyət haqqında danışarkən öncə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Bir çox liderlərin həyat və mübarizə yollarına nəzər saldıqda görürük ki, liderlər fəaliyyət göstərdikləri məkanın coğrafi sərhədlərini aşaraq bəşəri düşüncə sahibləri, yeni siyasət reallıqlarını ərsəyə gətirən yaradıcı insanlar kimi tanınmışlar. Onlar üçün məkan və zaman fərqi yoxdur. Bu səbəbdəndir ki, Ümummilli Liderin malik olduğu ali insani keyfiyyətlər və siyasi qabiliyyətlər Ona istənilən siyasi mühitdə və istənilən coğrafi məkanda siyasi elitanın ən yüksək pilləsində qərarlaşmağı təmin edə bilərdi.

Hələ 1969-cu ildə Heydər Əliyevin rəhbərlik etməyə başladığı Azərbaycan keçmiş Sovet İttifaqının solğun mənzərəyə malik aqrar respublikalarından biri idi. Dövrün bütün çətinliklərinə baxmayaraq, Heydər Əliyevin öz səyləri nəticəsində qısa müddətdə işə Azərbaycanı ittifaq miqyasında inkişaf edən nüfuzlu respublikaya çevirdi, ölkə həyatında sosial-iqtisadi, mədəni yüksəliş baş verdi. Bu siyasəti Ümummilli Lider 1993-cu ilin iyununda  yenidən hakimiyyətə qayıtdıqdan sonra da davam etdirdi. Bütün hakimiyyəti boyu Azərbaycan ziyalıların himayədarı olan Ulu Öndər Heydər Əliyev ziyalıları həmişə diqqət mərkəzində saxlayırdı. İstər yazarların, istərsə də incəsənət xadimlərinin əsas dayağı olan Ulu Öndər həm Azərbaycan mədəniyyətinə bələd olub, həm də ona sevgi ilə yanaşıb.

Ümummilli Lider Heydər Əliyev çox dərin biliyi, dünyagörüşü, təfəkkürünün zənginliyi ilə həmişə yaradıcı proseslərə maraq göstərib. O, mədəniyyət və incəsənəti strateji istiqamət kimi görür və buna birinci növbədə siyasətçi kimi əhəmiyyət verirdi. O, yaradıcı insanların iradəsinə azadlıq verirdi. Bu da bütün sahələrin inkişafına bilavasitə təsir edən amil idi.O deyirdi: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Məhz Heydər Əliyevin tövsiyəsi və dəstəyi ilə Azərbaycanın bir çox dahi şəxsiyyətləri- şairlər, yazıçılar, bəstəkarlar, müğənnilər və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd olunub, onların Bakıda və digər şəhərlərimizdə abidələri ucaldılıb.

Bu gün Ümummilli Liderin təməlini qoyduğu işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva daha da genişləndirir və ölkənin sağlam gələcəyi, xalqın rifahı üçün yorulmadan çalışırlar. Ötən 23 il ərzində Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri - teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.