YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı bəşər tarixinə dahi simalar bəxş edib

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin  1993-cü il 21 sentyabr tarixində ziyalılarla görüşündə səsləndirdiyi “Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir” kimi fikirlər Azərbaycan xalqının bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etməsinin, onların əsərlərinin, yaradıcılığının dünya elmini, mədəniyyətini zənginləşdirməsinin təsdiqidir. Dahi şəxsiyyət, eyni zamanda, bu çağırışı edirdi ki, insanların ürəyinə, qəlbinə təsir edə bilən ədəbiyyatımız, şeirimiz olub və həmin şeirlər, sözlər doğrudan da xalqımızda, millətimizdə milli ruhu oyadıb, milli əhval-ruhiyyəni canlandırıb, milli dirçəliş prosesini gücləndirib. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıb.

Ümummilli Lider Azərbaycan xalqının zəngin tarixə, mədəniyyətə, ədəbiyyata malik xalq kimi tanıdılması istiqamətində davamlı addımlar atmış, gənc nəslə bununla bağlı çağırışlar etmişdir. Son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi də Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfələrə işıq salmaqla yanaşı, xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu açıqladı. Bu kimi mühüm addımlar ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında”, həmçinin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı Sərəncamlarda da bu reallıqlar öz əksini tapmışdır ki, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır.

Ulu Öndər Heydər Əliyev hələ respublikaya rəhbərliyinin birinci dönəmində elmə, mədəniyyətə, ədəbiyyata və incəsənətə böyük diqqət və qayğı ilə yanaşıb, bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirmişdi. Nəsimi yaradıcılığının dilimizdə və ədəbiyyatımızda oynadığı rolu nəzərə alan dahi şəxsiyyət Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1973-cü ildə Azərbaycanda Nəsiminin 600 illik yubileyi qeyd edilib. 2019-cu ilin ölkəmizdə “Nəsimi İli” elan edilməsi bu ənənənin davamı oldu. Dövlətimizin başçısı İlham Əliyevin ədəbiyyatımızın ən görkəmli nümayəndəsi İmadəddin Nəsimi irsinə bu qədər böyük diqqət və qayğısı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə kimi dəyərləndirildi. Prezident İlham Əliyevin bütün çağırışlarının mahiyyətində gənclərin milli ruhda tərbiyəsi əsas yer tutur. Atılan addımların xronologiyasına, həmçinin ölkəmizdə hər bir ilin müəyyən sahənin adı ilə bağlı olmasına diqqət yetirmək kifayətdir.