YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda...

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Hər bir millət, hər bir dövlət yaşam tarixində torpağını, xalqını sevən, onu mübarizə meydanında qələbəyə, çətin anlarda işığa doğru aparan rəhbərə, şəxsiyyətə ehtiyac duyur. Sözün əsl mənasında hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durur. Daim bu torpaq, bu millət dahilər, onun adını zirvələrə ucaldan şəxsiyyətlər yetirib. “Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz”. Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazan, öz uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə məxsusdur. Doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin doğru qiymətini verir. İllər keçdikcə, Ümummilli liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur.

Müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə, ziyalılara münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin, ədəbiyyatının və incəsənətinin inkişafındakı xidmətləri də misilsizdir. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş Ulu Öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. O, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Azərbaycan elminin, ziyalılarımızın ən çox inkişaf etdiyi dövr bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin, elm ocağının yeni yüksəlişi məhz Ulu Öndərin adı ilə bağlı idi. 70-ci illərdə Azərbaycan Elmlər Akademiyası onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını yaratdı, maddi-texniki bazasını möhkəmləndirdi. Heydər Əliyevin özünün qeyd etdiyi kimi, akademiyanın əlli ilinin yarısından çoxu onun həyatı, rəhbərliyi ilə bağlı idi.

Heydər Əliyev həmişə çıxışlarında yazıçı və şairlərimizin, alimlərimizin, mədəniyyət xadimlərimizin böyük potensiala malik olduğunu bildirmiş, Azərbaycan xalqının təhsillənməsində, biliklənməsində, elm və mədəniyyətimizin, mənəviyyatımızın inkişafında böyük rolu olduğunu bildirmişdir. İftixar hissi ilə demək olar ki, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi 34 illik dövrdə böyük təşkilatçılıq, nəhəng quruculuq işləri ilə yanaşı, zəngin elmi-nəzəri, mənəvi bir irs yaratmışdır. Bu irs qiymətli mənəvi sərvət kimi elmimizin və mədəniyyətimizin “qızıl fondu” na daxil edilmişdir. 

Ulu Öndərin əsas strateji xəttinin əbədiyaşar olmasının səbəblərindən biri də dünya azərbaycanlılarının birliyini təmin edə biləcək ən mühüm və təsirli vasitə vahid ideologiyanın olmasıdır. Bunu çox gözəl anlayan ulu öndər Heydər Əliyev xalqı bir ideya, bir məqsəd ətrafında birləşdirmək üçün məhz “Azərbaycançılıq” ideologiyasını seçmişdi. İdeologiya xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır.

Məhz bu böyük şəxsiyyətin rəhbərliyi və göstərişi əsasında Məhəmməd Füzulinin 500 illik və “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileylərinin YUNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır.

Ulu Öndər həmişə tanınmış elm xadimləri, ziyalıların fəaliyyəti ilə yaxından maraqlanır, onların problemlərinin həllində şəxsən iştirak edərdi. Onun tapşırıqlarına uyğun olaraq görkəmli Azərbaycan alimləri, şair və yazıçıları, ziyalılarının yubileyləri təşkil edilib, abidələri ucaldılıb və digər işlər görülüb.

1996-cı il sentyabrın 10-da Azərbaycan elminin görkəmli şəxsiyyətlərindən olan dünyaşöhrətli kimyaçı alim Akademik Yusif Məmmədəliyevin 90 illik yubileyinə həsr edilmiş gecədə çıxış edən Ulu Öndər Heydər Əliyev ziyalı-alim barədə demişdir: "Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olubdur. O, öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verib və dünya elminə, xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr veribdir."

Azərbaycan mədəniyyətini, ədəbiyyatını və incəsənətini incəliklərinə qədər bilən, bütün varlığı ilə sevən bu böyük şəxsiyyət bütün görkəmli sənət adamları ilə daim əlaqə saxlayır, onların problem və qayğıları ilə maraqlanır, həll edir və bu şəxsiyyətləri Azərbaycanın qızıl fondu adlandırırdı. Böyük şair Səməd Vurğunun “Azərbaycan” şeirini özünəməxsus intonasiya və kövrək duyğularla söyləyən dahi şəxsiyyət vətənə məhəbbətin, xalqa sədaqətin əsil nümunəsini yaratmışdır. Xalq mahnılarına, klassik musiqiyə həmişə yüksək qiymət verən Ulu Öndər yaxşı nə varsa təqdir edir, qiymətləndirir və təbliğini məsləhət görürdü:

“Səməd Vurğun şerinin böyüklüyü, eyni zamanda gözəlliyi ondan ibarət idi ki, onun hər kəlməsi, hər sətri hər bir azərbaycanlının qəlbinə çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri altına salırdı. Səməd Vurğunun şeiri bu gün də müasirlərimizə, gənc nəslə ilham, ruh verir, onları coşdurur, daha da vətənpərvər edir, onlara Vətəni, milləti, torpağı sevməyi öyrədir.”  

Görkəmli ziyalı, alim və cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illiyi yubileyinə həsr olunmuş təntənəli gecədə çıxışında alimə çox yüksək qiymət verərək bildirib ki, "Mustafa bəy Topçubaşov nadir bir sima və nadir bir insan olmuşdur. Adamlar üçün vacib olan bir sahə və onların sağlamlığının qorunması, insanların xəstəliklərdən xilas olması, sağlam insan yetişdirilməsi cəmiyyət üçün həm keçmişdə, həm indi, həm də gələcəkdə mühüm olan bir sahədir. Mustafa bəy Topçubaşovun öz fəaliyyətini bu sahəyə həsr etməsi heç də təsadüfi deyildir. Bu onun daxili mənəviyyatı ilə bağlıdır. Bütün həyatı, yaradıcılığı, fəaliyyəti göstərir ki, o, şüurlu olaraq bu sənətdən başlayıbdır. Ancaq yaşadıqca, yaratdıqca onun fəaliyyət dairəsi genişlənib, böyük alim, ictimai-siyasi xadim olubdur. Azərbaycan xalqının formalaşmasında, milli təfəkkürün inkişafında, xalqımızın ağır xəstəliklərdən qurtulmasında, elmimizin, təhsilimizin inkişaflarında böyük xidmətlər göstəribdir."

Təkcə bu iki misal Ulu Öndərin ümumilikdə Azərbaycan ziyalılarının nümayəndələrinə verdiyi qiymətin bariz nümunəsidir.

Ümummilli Lider bütün ictimai-siyasi fəaliyyəti boyunca tarixə, ədəbiyyata, mədəniyyətə, ümumilikdə ölkə ziyalılarına yüksək qiymət və əhəmiyyət vermiş, onların xalqın mənəvi həyatında oynadığı rolu layiqincə dəyərləndirmişdir. Öz xalqını və ziyalısını dərindən sevən Heydər Əliyev fəaliyyəti dövründə respublika elm və mədəniyyətinin yüksəlişi, xalqın güzəranının yaxşılaşması uğrunda apardığı mübarizədə Azərbaycan ziyalılarının inkişafına da daima diqqət yetirmişdi. Bunun əvəzi olaraq ziyalılar da hər zaman Ulu Öndərin yanında olmuş, onun bütün işlərini dəstəkləmişlər.

Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğur və müvəffəqiyyətlə davam etdirilir. Ölkədə elm, təhsil, mədəniyyətin inkişafına, həmçinin Azərbaycan ziyalısına göstərilən yüksək diqqət və qayğı eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.