YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni perspektivlər açılır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya ölkəmizə səfəri ikitərəfli münasibətlərimizin inkişafında yeni səhifənin açılmasıdır. “Əvvəlcə onu qeyd etmək istəyirəm ki, biz gözəl ölkənizə ötən axşam gəldiyimiz andan etibarən hər bir məqamda mən çox yaxşı mənada təəccüblənirəm. Mənim qardaşım Nəvaz Şərif o vaxt mənə demişdi Bakıya gedəndə sən bunu görəcəksən ki, nə qədər gözəl şəhərdir. Ötən gün biz Bakıya axşam saatlarında gəldik. Bu gün səhər mən Sizin böyük atanız Heydər Əliyevə hörmətimi ifadə etmək üçün Fəxri xiyabanda oldum. Hesab edirəm ki, Siz onun layiqli oğlusunuz. Fəxri xiyabanı ziyarət etmək mənim üçün böyük şərəf idi. Əminəm, dahi atanızın ruhu şaddır ki, Sizin rəhbərliyinizlə gözəl ölkəniz və xalqınız inkişaf edir” fikirləri ilə dost Azərbaycana səmimi münasibətini ifadə edən Məhəmməd Şahbaz Şərif əlaqələrimizin gələcək inkişafı üçün möhkəm təməlin mövcudluğunu bildirdi.

 Azərbaycan-Pakistan əlaqələri bütün sahələrdə yüksələn xətt üzrə davam edir. Bu əlaqələr təkcə dövlətlər yox, həm də xalqlar arasında güclənir. Təsadüfi deyil ki, Azərbaycan xalqı Pakistana olan münasibətini bu ölkənin bayrağının ölkəmizdə dalğalanması ilə nümayiş etdirir. Dünya Azərbaycan-Pakistan qardaşlığını 44 günlük İkinci Qarabağ müharibəsində bir daha gördü. Sonadək Azərbaycanın yanında olan və hazırda postmünaqişə dövrünün reallıqlarının qəbul etdirilməsində və uğurlu icrasında dəstəyini davam etdirən Pakistan belə bir reallığı təsdiqləyir ki, münasibətlərimiz qarşılıqlı etimada, hörmətə və səmimiyyətə söykənir.  Azərbaycan və Türkiyə qardaşlığına Pakistanın da qoşulması, iki qardaşın müttəfiqliyinə üçüncü qardaşın da daxil olması perspektivi aydın görünür. Bütün bunlar Azərbaycan və Pakistanın bir-birinin haqq işini dəstəkləməsindən qaynaqlanır. “Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub” bildirən Pakistanın Baş naziri onu da əlavə etdi ki, təyyarə Bakı hava limanına enərkən orada, hətta hava limanından kənarda da Pakistan bayrağının dalğalandığını gördüm: “Nümayəndə heyətinin üzvü mənə dedi ki, cənab Baş nazir, baxın, kənarda belə Pakistan bayrağı dalğalanır. Bu, Azərbaycanda Pakistana olan münasibətdir və eyni dərəcədə Pakistan xalqı da Azərbaycan xalqını sevir, qardaş və bacı olaraq. Siz də uzaqgörən lider olaraq bu işə öz töhfənizi vermisiniz. Tam səmimi olaraq deyə bilərəm ki, əsrlər boyu davam edən bu münasibətlər çox güclüdür.”

Məhəmməd Şahbaz Şərif bu məqamı təəssüf hissi ilə qeyd etdi ki, bu gün ticarətimiz və sərmayə yatırımlarımız həmin o münasibətlər səviyyəsində deyil. Qarşılıqlı əməkdaşlıq sahəsində daha çox işlər görə bilərik: “Bilirəm ki, cənab Prezident, Siz bunu artırmaq niyyətindəsiniz, biz də onun əzmindəyik. Cənab Prezidentlə bu gün görüşdə biz xüsusi sahələrdə bu münasibətləri daha da inkişaf etdirmək məsələsini müzakirə etdik.”

Reallıq budur ki, Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Son zamanlar iki ölkə arasındakı hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün səylər daha da artırılır.  Azərbaycanın tarixi Zəfəri və regionda yaranan yeni reallıqlar, əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.