YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan mədəniyyətinin himayədarı

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsidir. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Ulu Öndər Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır.

Ulu Öndər  Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu müdrik ifadələr də Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Ulu Öndər  Heydər Əliyevin qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.

Ədəbiyyata məhəbbət Ulu Öndər  Heydər Əliyev siyasətinin ən dəyərli tərkib hissələrindən biri idi. Hələ  sovet dönəmində Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov kimi yazıçılara, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Tahir Salahov, Mikayıl Hüseynov kimi  bəstəkar, rəssam və memarlara o zaman SSRİ-də ən yüksək  fəxri adlardan olan Sosialist Əməyi Qəhrəmanı adının verilməsi Ulu Öndər   Heydər Əliyevin böyük xidməti, onun Azərbaycanın görkəmli sənətkarlarına yüksək qayğısı idi. Ulu Öndərə qədər heç bir sənətkar bu fəxri adlara layiq görülməmişdir. O, bununla milli ədiblərimizin və insənət xadimlərinin geniş şöhrət qazanmasına nail olurdu. Bəşəri düşüncəyə malik dahi şəxsiyyət müstəqillik dövründə də Azərbaycan yazıçılarının əməyini yüksək qiymətləndirərək İlyas Əfəndiyev, Bəxtiya Vahabzadə,  Xəlil Rza, Məmməd Araz, Mirvarid Dilbazi, İsmayıl Şıxlı, Elçin, Anar,  Hüseyn Abbaszadə, Qabil kimi yazıçı və şairləri ölkənin ən yüksək mükafatları ilə təltif etdi. Ulu Öndər Heydər Əliyevin mədəniyyət  siyasətində ədəbiyyata bütöv bədii sistem kimi nəzər salınır, həmişə klassiklərlə müasirlər arasında tarixi-mənəvi əlaqələrin, varislik münasibətlərinin qorunmasına diqqət yetirilirdi. Elə buna görə də o, klassik bədii irsimizin dünya şöhrəti qazanması naminə bu irsi yaradanların yubileylərinin təntənəli tarixi hadisə kimi qeyd olunmasına həssaslıqla yanaşır, böyük önəm verirdi. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə dahi Nizaminin 840, Nəsiminin 600, Mirzə Fətəli Axundovun 170, böyük romantik, filosof şairi Hüseyn Cavidin 100 illik yubileyləri keçirilmişdir. "Kitabi Dədə-Qorqud"un 1300 illiyi, Məhəmməd Füzulinin 500 illiyi ilə bağlı milli istiqlal məfkurəsi işığında keçirilən möhtəşəm tədbirlər, Ulu Öndər Heydər Əliyev epoxasının mədəniyyət üzrə zirvə məqamları milli-mənəvi keçmişə məhəbbət və ehtiramının, xalqın gələcəyinə inamının tarixi ifadəsidir.