YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etimad mühiti daha da möhkəmlənir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev iyunun 15-də ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif  ilə mətbuata birgə bəyanatlarında bildirdi ki, ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.

İki qardaş ölkənin münasibətlərinin tarixinə nəzər salsaq görərik ki, tərəflər bu əməkdaşlığın daha da möhkəmlənməsində və yeni sahələr üzrə inkişafında maraqlıdır. Bu istək imzalanan sənədlərdə, atılan real addımlarda özünün aydın ifadəsini tapır. Məhz keçilən yola, ayrı-ayrı sahələrdə birgə əməkdaşlığın nəticəsi olaraq qazanılan uğurlara söykənərək qarşıdakı dövrün prioritetləri açıqlandı.  Dövlət başçısı İlham Əliyev bildirdi ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcək. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcək. Enerji sahəsində böyük perspektivlər var. Şəhərlərimiz arasında uçuşların sayı artacaq.

Hədəflər sırasında  ticarətin həcminin artırılması xüsusi yer tutur.  Bu istiqamətdə anlaşma memorandumu imzalanacaq və məhsulların siyahısı üzərində işlər aparılacaq. Həmçinin  təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır.  Bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.

Hədəflər həm münasibətlərimizin gələcəyi barədə aydın təsəvvür yaradır, həm də bu günədək görülən işlərin nəəzərdən keçirilməsini bir zərurət kimi qarşıya qoyur. Bu baxımdan müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi də qarşıya qoyulan əsas vəzifələr sırasındadır. Birgə hərbi təlimlərin sayı artırılacaq. Cənab İlham Əliyev bunu zəruri edən səbəblər sırasında onu da bildirdi ki,  çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.

Göründüyü kimi, qarşılıqlı səfərlər əməkdaşlığın daha dərindən təhlilinə və perspektivlərin açıqlanmasına geniş imkanlar yaradır. Buna görə hər səfər ölkələr arasında münasibətlərin inkişafında yeni səhifə kimi dəyərləndirilir. Pakistanın  Baş nazirinin səfəri iki dost ölkənin dünyaya nümunə olan qardaşlığına yeni əlavələr gətirəcək, münasibətlərimizin daha sürətli inkişafında əsas amil olan etimad mühitini daha da möhkəmləndirəcək.