YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərimiz qarşılıqlı etimad və səmimiyyət üzərində qurulub

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

“Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Təyyarə Bakı hava limanına enərkən mən gördüm ki, orada Pakistan bayrağı dalğalanırdı, hətta hava limanından kənarda da. Nümayəndə heyətinin üzvü mənə dedi ki, cənab Baş nazir, baxın, kənarda belə Pakistan bayrağı dalğalanır. Bu, Azərbaycanda Pakistana olan münasibətdir və eyni dərəcədə Pakistan xalqı da Azərbaycan xalqını sevir, qardaş və bacı olaraq. Siz də uzaqgörən lider olaraq bu işə öz töhfənizi vermisiniz. Tam səmimi olaraq deyə bilərəm ki, əsrlər boyu davam edən bu münasibətlər çox güclüdür.” İyunun 15-də ölkəmizdə səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu fikirləri ilə bir daha Azərbaycanın ölkəsi üçün önəmini, əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərinin davamlılığını açıqladı.

Azərbaycan və Pakistan arasında münasibətləri iki qardaş ölkə arasında münasibət kimi dəyərləndirən Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin daha da möhkəmlənməsində əhəmiyyətini qeyd etdi, eyni zamanda, dost ölkənin 44 günlük İkinci Qarabağ müharibəsində mənəvi və siyasi dəstəyini xüsusi vurğuladı.

Təbii ki, münasibətlərdə qarşılıqlı etimadın, hörmətin və hədsiz səmimiyyətin əsas olması hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirir. Hər zaman qeyd edildiyi kimi, dövlətlərarası münasibətlərdə etimad mühitinin mövcudluğu əsasdır. Pakistan  Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayıb və diplomatik əlaqələr qurmayıb. Bu reallıq qardaşlıq münasibətlərimizin əsas göstəricilərindən biridir.

44 günlük Vətən müharibəsi dövründə Pakistan beynəlxalq hüququn, haqq-ədalətin yanında oldu. Pakistanın qardaş dəstəyi küçə və meydanlarımızda Azərbaycan və Pakistan bayraqlarının qoşa dalğalanması ilə dəyərləndirildi. Dünya həqiqət anı kimi qiymətləndirilən İkinci Qarabağ müharibəsində Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan münasibətlərində bir daha qardaşlığın əsl nümunəsini gördü. Üç qardaş ölkənin birgə dalğalanan bayraqları hər birimizi qürurlandırdı.

Pakistanın Baş nazirinin səfəri çərçivəsində keçirilən görüşlərdə, mətbuata birgə bəyanatda Azərbaycan-Pakistan münasibətlərinin ayrı-ayrı sahələrdə uğurlu inkişafı əsaslı şəkildə diqqətə çatdırıldı. Hədəflər sırasında ticarətin həcminin artırılması, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, ənənəvi və bərpa olunan enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi xüsusi qeyd edildi. “Biz müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, birgə hərbi təlimlərin sayının artırılması məsələsi müzakirə edildi. Buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.

Ümumilikdə Azərbaycan müstəqilliyini qazandıqdan sonra Pakistanla möhkəm təməllər üzərində qurulan siyasi əlaqələr daim inkişaf etdirilib və həmin münasibətlər bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəldilib.