YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir Millət-İki Dövlət-Tək Yumruq

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan və Türkiyə dövlətləri qarşılıqlı şəkildə bütün münasibətlərdə qardaşlıq, dostluq prinsiplərinə əsaslanan güclü dövlətlərdir. Hər iki qardaş ölkə bu gün böyük inkişaf yolu keçir. Sənaye, xüsusilə texnologiya sahəsində əsl inqilab dövrünü yaşayır. Bu gün ölkələrimiz arasındakı münasibətlərin səmimi və sıx olmasını sübut edən bir çox məsələlər mövcuddur. Türkiyə dövləti Vətən müharibəsində Azərbaycana çox yüksək səviyyədə mənəvi-siyasi dəstək göstərdi. Türkiyədə baş verən böyük təbii fəlakət zamanı eynilə Azərbaycan da bütün gücü ilə qardaş Türkiyənin yanında olduğunu sübuta yetirdi. Bütün bunlar ölkə başçılarının yaratdığı real vəziyyətdir ki, nəticədə həm xalqlarımız, həm də dövlətlərarası münasibətlərimiz hazırda ən yaxşı həddə çatıb. Türkiyə Prezidenti demək olar ki, artıq hər il Azərbaycana səfər edir. Bir neçə gün öncə qardaş ölkənin Prezidenti sayın Rəcəb Tayibb Ərdoğan Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində cari ilin 13 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti sayın Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlətimizin başçısı xüsusi məqamları ictimaiyyətin və dünyanın diqqətinə çatdırıb. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.

 Qardaş ölkənin Lideri öz çıxışında Ermənistanın havadarlarına xüsusi mesaj verdi. Üzərində ən çox çalışdığımız və həssaslıq göstərdiyimiz Zəngəzur dəhlizi məsələsini, İnşallah, sürətlə həll etməyimiz bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlar sayəsində buradan İğdıra, Naxçıvana yolun açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələrin yaradılması Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcək. Çünki yol mədəniyyətdir.

Bəli, doğrudan da yol mədəniyyətdir. Ancaq, bunu yalnız mədəniyyəti olan xalqların nümayəndələri anlaya bilərlər. Tarixi həqiqəti Ermənistan siyasi-rəhbərliyi və onların riyakar havadarları qəbul etməlidir. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanata əsasən Azərbaycanın tərkib hissə olan Naxçıvanla nəqliyyat yolu açılmalı, kommunikasiya təmin edilməlidir. Bu yol isə təbii ki, Zəngəzurdan keçir. Əgər kimsə hesab edirsə bunu əksi baş verəcək, o zaman Azərbaycan digər zəruri tədbirlər həyata keçirəcək ki, Ermənsitan absurd fikirlərinə son qoyub, tarixi faktları qəbul etsin.

Bilmək lazımdır ki, əslində Zəngəzur dəhlizi Avrasiya məkanında inkişaf və tərəqqi yolu seçən bütün ölkələr üçün həm milli, həm də beynəlxalq əhəmiyyətli layihədir. Ən azı ona görə ki, bu dəhliz bütün tərəflərə rahat və qısa, təhlükəsiz daşımalar, inkişaf və tərəqqi, turizm və çoxmədəniyyətli ünsiyyət vəd edir. Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır. Azərbaycan və Türkiyə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıq bağının mühüm göstəricisidir. İki ölkə arasında əlaqələrin hərbi, müdafiə sənayesi, siyasi, iqtisadi və digər bütün sahələr üzrə dinamik artımda davam etməsi böyük bir coğrafi məkanda iqtisadi yüksəlişə təkan verir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır.