YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaşlığın zirvəsi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

İyunun 12-də qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yeni mərhələ kimi dəyərləndirilən səfəri çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər birliyimizə, həmrəyliyimizə bir daha işıq saldı. Bütün sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin miqyasının daha da genişlənməsi möhkəm təmələ əsaslanır. Təhsil, mədəniyyət, müdafiə sənayesi sahəsində əməkdaşlıq daha da genişlənir və mövcud imkanlar əsaslı şəkildə diqqətə çatdırıldı. Təbii ki, bu uğurların təməlində Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığı, dünyaya nümunə olması dayanır. Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata birgə bəyanatlarında dövlət başçısı İlham Əliyevin “Azərbaycana, Vətəninizə xoş gəlmisiniz” sözlərinin davamı olaraq cənab Rəcəb Tayyib Ərdoğanın “Biz öz evimizdəyik və indi burada mətbuata bəyanatla çıxış edirik” söyləməsi bu qardaşlığın dərin köklərə, böyük etimada, səmimiyyətə söykəndiyini bir daha nümayiş etdirdi.

“Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq” bildirən Rəcəb Tayyib Ərdoğan belə bir əminliyi də ifadə etdi ki, indiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə davam edəcəyik: “Burada bir məsələni də bildirmək istəyirəm. Xüsusilə səlahiyyətlərimin icrasına başlama mərasimində İlham qardaşımın xanımı ilə birlikdə iştirakı dünyaya və Türkiyəyə bir mesajdır. Buna görə mən də eyni qaydada xanımımla birlikdə bu səfərə gəlmişəm. Bu səfərlər aramızdakı münasibətlərin nə qədər inkişaf etməsinin ən gözəl ifadəsidir. Bunları təkcə bu gün etdik? Xeyr. Biz bunları daim – Baş nazir olduğumdan bəri, Prezidentliyi təhvil aldığımdan bəri yaşadıq, yaşayırıq və Rəbbim ömür verdikcə də yaşamaqda davam edəcəyik.”

Bu gün iki dost, qardaş ölkənin münasibətlərinə diqqət yetirsək bütün sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafını böyük qürur hissi ilə qeyd edirik. İqtisadi, siyasi, hərbi, humanitar sahədə əlaqələrin daha da inkişafı yönümündə tərəflərin atdığı addımlar, qəbul etdikləri qərarlar göz önündədir. Hər bir səfər bu hədəflərin icrası istiqamətində görülən işlərin və gələcəkdə atılacaq addımların təhlilinə geniş imkanlar yaradır. Hər bir ölkənin inkişafında təhsilin, elmi-texniki tərəqqinin rolu iki qardaş ölkənin münasibətlərinin inkişafında da özünü nümayiş etdirir. Belə ki, təhsil sahəsində əməkdaşlıq prioritet istiqamətlərdən biridir. “Müzakirə olunan məsələlərdən biri də təhsil sahəsi ilə bağlıdır” bildirən dövlət başçısı İlham Əliyev Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların  indi son mərhələdə olduğunu diqqətə çatdırdı: “Biz çox ümid edirik ki, yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir.”

Prezidentlərin görüşlərində, mətbuata bəyanatlarında müzakirə olunanan məsələlərdən də göründü kimi, iki qardaş ölkənin ikitərəfli əlaqələrinin gündəliyi zəngindir. Bütün məsələrdə fikir birliyi var. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, belə də olmalıdır.

Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, Türk dünyası üçün önəmlidir. Keçilən yolun təhlili, günbəgün möhkəmlənən və dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığının fonunda belə bir əminliyi söyləyə bilərik ki,  gələcək illərdə bu birlik daha da güclənəcək, iki dost ölkə uğurları ilə dünyanın diqqətində olacaq.